Ermənistan Baş naziri Nikol Paşinyan Bakıda noyabrda keçiriləcək COP29 konfransında iştirak edə bilər.
Bu barədə “Hraparak” iddia yayıb.
Bildirilib ki, sülh və ya sülhlə bağlı çərçivə sazişinin COP29-a qədər imzalanmasının mümkünlüyü haqda məlumatlar yayılandan sonra Ermənistanın “hökumətyönlü təbliğat aparatı” Paşinyanın Bakıya səfər edə biləcəyinə eyhamlar vurur.
“Açıq sənədlər və bəyanatlar əsasında öz təhlillərini aparan Areq Koçinyan Nikol Paşinyanın noyabrda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının iştirakçılarının konfransında iştirak etmək üçün Bakıya gedə biləcəyini istisna etməyib. “Mən istisna etmirəm ki, sazişin imzalanması COP29 çərçivəsində baş verəcək. Bir şərtlə ki, Ermənistanın baş naziri geri qayıdanda Bakıda saxlanılan hərbi əsirləri özü ilə gətirsin”, – hökumətin rəsmi təbliğatçısı “Azadlıq” radiosunun erməni xidmətinə bildirib. Bu açıqlama Paşinyanın Bakıya mümkün səfəri ilə bağlı pərdəarxası danışıqların aparıla biləcəyini istisna etməməyə əsas verir”, – məqalədə bildirilib.