Paşinyan: “Azərbaycanla avtomobil əlaqəsinin bərpası ilə bağlı razılığa gəlmək imkanı yaranıb”

0
263

Azərbaycan və Ermənistan liderlərinin noyabrın 26-da Soçidə və dekabrın 14-də Brüsseldə keçirilən görüşlərinin nəticələrinə görə, iki ölkə arasında avtomobil əlaqəsi bərpa edilə bilər.

Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, bu barədə Paşinyan Tbilisidə bildirib.

“Qeyd etmək istərdim ki, Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə noyabrın 26-da Soçidə, dekabrın 14-də isə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə keçirilən görüşdən sonra Azərbaycanla avtomobil əlaqəsinin bərpası ilə bağlı razılığa gəlmək imkanı yaranıb. Və biz artıq Azərbaycan Prezidenti İlham Əliyevlə dəmir yolu əlaqəsinin bərpası ilə bağlı vacib razılığa gəlmişik”.

Paşinyan onu da əlavə edib ki, söhbət Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun bərpasından gedir.

“Ümid edirik ki, yaxın 2-3 il ərzində dəmir yolunun bərpası üzrə işləri başa çatdıracağıq”, – deyə o vurğulayıb.