Aprelin 6-da Belçika paytaxtında Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Şurasının Prezidenti Şarl Mişel arasında birgə görüş keçiriləcək.
Görüş ərəfəsində gözləntilərin yüksək olmasına baxmayaraq, Ermənistan tərəfində cərəyan edən proseslər rəsmi İrəvanın növbəti dəfə ikili oyuna əl atdığını göstərir.
Belə ki, artıq ötən gündən etibarən İrəvanda erməni müxalifəti etiraz aksiyalarına start verib. Ermənistanın keçmiş prezidentləri Serjik Sarqsyan və Robert Koçaryanın rəhbərliyindəki “Ermənistan” və “Şərəfim var” blokları növbəti dəfə Azərbaycan haqqında revanşist fikirlər səsləndirməyə “imkan tapıblar”.
Müxalifətin uzunmüddətli passivliyindən sonra birdən-birə, özü də liderlərin Brüssel görüşü ərəfəsində bu cür canfəşanlıq nümayiş etdirməsi isə Ermənistan hakimiyyətinin növbəti oyunu kimi qəbul edilə bilər.
Məlumdur ki, Azərbaycan artıq Ermənistana beş prinsipinə əsaslanan sülh təklifini təqdim edib. İrəvan isə üzdə bu təkliflərlə razılaşdığını desə də, əməldə yeni təklif və şərtlər irəli sürmək planlarını işə salmaqla sülh prosesini ləngitmək məqsədi güddüyünü açıq şəkildə ortaya qoyub.
Bütün bunların fonunda ötən gündən etibarən İrəvanda fəallaşan müxalifətin çıxışları onu göstərir ki, Ermənistan dövləti Azərbaycanla eyni masaya əyləşməkdən boyun qaçıra bilməsə də, daxildə öz auditoriyasını sülhə qarşı qaldırmaqda maraqlıdır.
Müxalifətə qarşı sərt, bir çox hallarda isə amansız olan Nikol Paşinyan hökuməti aprelin beşində baş tutan mitinqə reaksiya verməkdə bir o qədər də maraqlı görünmür. Ermənistan hökuməti Brüsselə danışıqlara yollanarkən ölkədə baş verən “etiraz dalğası”ndan da istifadə etmək məqsədindədir.
Çünki masada və hərb meydanında Azərbaycan qarşısında aciz durumda olan və qətiyyən tələb irəli sürə biləcək bir vəziyyətdə olmayan Ermənistan üçün Brüsseldə və ya bundan sonrakı sülh danışıqlarında süni əngəl yarada biləcək bir arqumentə sahib olmaq arzuolunandır. Həmin arqument isə Ermənistan müxalifətinin əli ilə hazırlanan və guya hökumətinin heç bir müdaxiləsinin olmadığı – etirazlar, xalq arasındakı narazılıqlar ola bilər.
Böyük ehtimalla Ermənistan hökumətinin birbaşa “dəstəyi”, ən azından riyakarlıqla “göz yumması” nəticəsində ortaya çıxan etirazlar heç də erməni müxalifətinin təəssübkeşliyinin nəticə kimi təqdim oluna bilməz. Burada Ermənistan hakimiyyətinin əsas məqsədi xalqın “narazılığ”ını əlində bayraq etmək istəyi, müxalifətin isə hətta hakimiyyətlə əlbir olsa belə xalq arasında yenidən itirilmiş nüfuzunu bərpa etmək sevdasıdır. İstənilən halda heç bir qrupun məqsədi və məramı xalq və regionda sülhün bərqərar olması deyil.
Nikol Paşinyan hökumətinin ötən gündən etibarən müxalifətin öz dili ilə desək, başlatdığı “mübarizə”də qazancı özünü beynəlxalq ictimaiyyət qarşısında günahsız kimi qələmə vermək arzusudur. Yəni, sülh danışıqlarının ləngidilməsinə görə hər hansı bir təzyiqlə üzləşəcəyi halda erməni liderin cavabı birmənalı şəkildə bu cür ola bilər: “Nə edə bilərəm, xalq istəmir, xalq qarşı çıxır”.
Məhz elə Brüsseldə keçirilən görüş ərəfəsində müxalifətin əli qurulan bu “etiraz” oyununun da arxasında məhz Nikol Paşinyanın həmin cümləni işlədə bilməsi üçün uyğun zəmin hazırlamaq cəhdləri dayanır.
Lakin İrəvanda anlamaq istəmirlər ki, Ermənistan dövlətinin özünəxas riyakarlıq siyasətinin birbaşa hədəfi məhz elə erməni xalqıdır. Ermənistan dövlətinin bütün təcavüzkar mahiyyətinə və törətdiyi cinayətlərə baxmayaraq, dinc həyat yaşamaq və inkişaf etmək kimi tarixi bir şansla üz-üzə olduğu bir vaxtda bu şansdan imtina etməsi və yuxarıda göstərilən şəkildə oyunlara əl atması açıq şəkildə onun gələcəyi üçün təhdid təşkil edir.
Azərbaycan artıq 44 günlük müharibə zamanı Ermənistana tarixi, sarsıdıcı bir dərs verib və bundan sonra Bakı sülh içində yaşamaq üçün İrəvana şans tanıyıb. Ancaq bu şansı əldən vermək üçün hər yola əl atan Ermənistan dövlətinə növbəti dərsi verməyin də Azərbaycan üçün çətin olmadığını da qeyd etmək lazımdır.
İrəvanı bu məkrli oyunlara əl atmağa vadar edən də məhz Azərbaycan dövlətinin qüdrətini bilməsidir. Çünki Ermənistan heç bir müstəvidə Azərbaycanla qarşı-qarşıya dayana biləcək gücdə deyil və yaxın onilliklərdə də bu potensialı vəd etmir. Bunu isə Ermənistan hakimiyyəti yaxşı anlayır və məhz buna görə də süni problem və narazılıqlar yolu ilə heç olmasa prosesi bir qədər ləngitmək fikrinə düşür.
Azərbaycan isə bütün bu prosesləri diqqətlə izləyir və Ermənistana hər fürsətdə yerini göstərməyə davam edir. Lakin Ermənistan artıq dərk etməlidir ki, sülh naminə İrəvana şans vermiş Bakının da səbri sonsuz deyil…
Ümumən İrəvanda baş verən “etiraz”lar və onları doğuran səbəblərdən aşağıdakı nəticələri çıxarmaq mümkündür:
1. Nikol Paşinyan hakimiyyəti siyasi müstəvidə Azərbaycana qarşı hər hansı bir şərt irəli sürə bilməyəcəyini birmənalı şəkildə anlayır.
2. Ermənistan müxalifəti və hakimiyyəti əlbir hərəkət edərək xalqı uçuruma sürükləyir.
3. Ermənistan sülh prosesini ləngitməklə öz gələcəyini sual altında qoyur.