Paşayeva “Qadın Davosu”nda müzakirələr apardı – Foto

0
448

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva İsveçrənin Bazel şəhərində “Dünya Qadınlarının Davosu” kimi tanınan Ümumdünya Qadın Sammitində iştirak edib.

Dünyanın 70-dən artıq ölkəsindən 1000-dən artıq qadının qatıldığı sammitdə müxtəlif ölkələri təmsil edən vitse-prezident, baş nazir, nazir, yüksək dövlət vəzifəsi tutan, ictimai-siyasi xadim olan qadınlar, millət vəkilləri, işgüzar, böyük şirkətlərin qadın idarəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri ictimai-siyasi həyatda, dövlətin və cəmiyyətin idarə olunmasında, xüsusilə iqtisadiyyatda, biznesdə rolunun artırılması istiqamətində müzakirələr aparıb, konkret təkliflərlə çıxış ediblər.

Sammitdə Azərbaycandan Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva, Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru İradə Hüseynova, Fitoterapevtlər Cəmiyyətinin sədri, tibb elmləri üzrə fəlsəfə doktoru Məlahət Qəhrəmanova, İşgüzar Qadınlar Cəmiyyətinin sədri Sürəyya İsmayılova, fəal qadınlarımız Yeganə Əliyeva, Zemfira Musayeva, Janilya Qafarova, Cəmilə İsmayılova, Ramilə Şirinova, Tehran Nağıyeva, Könül Əfəndiyeva, Lətifə Əliyeva, Nəhayət Əliyeva, Sona Qələndərli iştirak ediblər.

Qənirə Paşayeva sammitin işində iştirak etməklə bərabər, müzakirələr zamanı təkliflərlə çıxış edib və müxtəlif ölkələrdən gəlmiş fəal qadınlarla da görüşərək, onlara Azərbaycanla bağlı geniş məlumatlar verib. Millət vəkili sammit çərçivəsində ABŞ, Fransa, Almaniya, İslandiya, Qazaxıstan, Meksika, Hindistan, Malayziya, Çin, Cənubi Koreya, Yaponiya, Filippin, Polşa, Sloveniya, Slovakiya, Veytnam, Afrika, Kamerundan gəlmiş nümayəndə heyətləri ilə görüşüb və Azərbaycan, onun tarixi, mədəniyyəti, bu günü, inkişafı, iqtisadi imkanları, qadınların cəmiyyətdə geniş rolu ilə bərabər, Dağlıq Qarabağ problemi ilə də bağlı danışıb və fikir mübadiləsi aparılıb. Millət vəkili bildirib ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yeridərək, Azərbaycanın 20 faiz torpağını işğal edib və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün 25 ildən artıqdır ki, öz yurd-yuvasına dönə bilmir. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları və soyqırımlar, əsir və girov götürülmüş azərbaycanlılar barədə məlumatlar verən millət vəkili Qənirə Paşayeva vurğulayıb ki, Ermənistan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymur və yüzminlərlə azərbaycanlı qaçqın və məcburi köçkün qadın, dünyanın harasında yaşamasından asılı olmayaraq, bu tədbirdə iştirak edən yüksək səviyyəli qadınlar başda olmaqla, dünyanın nüfuzlu, aktiv qadınlarının bu ədalətsizliyə sərt etiraz etməsini, öz yurd-yuvalarına dönmələri üçün onların dəstəyini və bu istiqamətdə səylərini gücləndirmələrini gözləyir.

Millət vəkili Azərbaycanda qaçqın və məcburi köçkünlərin, qadınların və uşaqların problemlərinin həlli istiqamətində görülən işlər barədə də danışıb.

Q.Paşayeva ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla, Azərbaycan qadınlarının cəmiyyətdə rolundan bəhs edib. İqtisadiyyatda, biznesdə qadınların rolunun getdikcə artdığını da deyən millət vəkili qadınların dövlətin və cəmiyyətin idarə olunmasında, iqtisadiyyatda və biznesdə rolunun artırılmasının Azərbaycan dövlətinin siyasətində önəmli yer tutduğunu vurğulayaraq, gələcəkdə bu istiqamətdə daha böyük nailiyyətlər gözlənildiyini deyib.

Azərbaycanın iqtisadi inkişafı barədə məlumatlar verən Qənirə Paşayeva tədbir iştirakçıları ilə yanaşı işgüzar xanımları da Azərbaycana dəvət edib.

Millət vəkili və nümayəndə heyəti üzvləri sammitdə və sammit çərçivəsində keçirilən görüşlərdə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının dəstəyi ilə Azərbaycan tarixini, mədəniyyətini, Qarabağ, Xocalı soyqırımı həqiqətlərini özündə əks etdirən xarici dillərdə hazırlanmış kitab, sənədli film və materialları xarici ölkələrin fəal xanımlarına təqdim ediblər.

Qeyd edək ki, dünyanın 70 ölkəsindən 1000-dən artıq nümayəndənin iştirakı ilə keçirilən sammitdə qadınların iqtisadi həyatlarının yaxşılaşdırılması və qlobal çiçəklənmənin təmin edilməsi strategiyası, qadınlar və qızlar üçün iqtisadi imkanlar, iqtisadiyyatın yüksək gəlirli sektorlarında qadın sahibkarların rolu və başqa məsələlər müzakirə edilir. Tədbirin açılışında bir sıra yüksək səviyyəli rəsmi şəxslər çıxış edərək qadınların dünyanın hər yerində bütün sahələrdə, cəmiyyətin və dövlətin idarə olunmasında, iqtisadiyyatda, biznesdə rolunun daha da genişləndirilməsinin vacibliyi, həllini gözləyən problemlər, görülən və görülməsi vacib işlər barədə çıxış ediblər, təkliflərlə, layihələrlə çıxış ediblər və tədbir iştirakçıları ilə geniş müzakirələr olub.