Milli Məclis yanında Toponimiya Komissiyası Şamaxının Saqiyan kəndinin adının dəyişdirilməsi ilə bağlı məsələnin müzakirəsini qeyri-müəyyən müddətə təxirə salıb.
Bu barədə Toponimiya Komissiyasının sədri, deputat İsa Həbibbəyli açıqlama verib.
Onun sözlərinə görə, parlamentin yaz sessiyasında Şamaxının yerli icra strukturları, müxtəlif elm adamları ilə müzakirələr aparılıb.
“Yaz sessiyası bitdi, Milli Məclis yay tətilinə yollandı. Biz düşündük ki, bu müddət ərzində Şamaxı Rayon İcra Hakimiyyəti Saqiyan kəndinin ağsaqqalları ilə müzakirə aparacaq və təkliflərini bizə təqdim edəcək”,- deyə İ.Həbibbəyli əlavə edib.
Deputat bildirib ki, Toponimiya Komissiyası Milli Məclisin payız sessiyasında Şamaxı Rayon İcra Hakimiyyətindən təkliflər gözləyəcək.
Xatırladaq ki, Şamaxının Saqiyan kəndinin adının dəyişdirilərək Günəşli qoyulması təklif olunurdu. Bu məsələ bəzi millət vəkillərinin etirazına səbəb olmuşdu.