Paraüzgüçümüz dünya çempionatında qardaşı ilə eyni nəticə göstərib medal qazandı – VİDEO

0
548

Azərbaycanın üzgüçülük üzrə paralimpiya yığma komandasının üzvü Roman Saley Böyük Britaniyanın paytaxtı Londonda keçirilən para üzgüçülük üzrə dünya çempionatında ikinci medalını qazanıb.

İdmançımız üzgüçülüyün sərbəst növündə yarışıb.

Belaruslu legionerimiz 50 metr məsafəni 24.32 saniyəyə qət edərək yarışın bürünc medalına sahib olub. Maraqlıdır ki, Romanın Belarusu təmsil edən qardaşı Dmitri də eyni nəticəni göstərib deyə, onların hər ikisinə bürünc medal verilib.

Yarışda I yerə 23.53 saniyəlik nəticə ilə Ukrayna təmsilçisi İlya Yeremenko layiq görülüb. II yeri isə Ukraynanın digər təmsilçisi 23.91 saniyəlik nəticə ilə Yaroslav Denisenko qazanıb.

Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan təmsilçisi bu yarışlarda üzgüçülüyün arxası üstə yarışlarında II yeri tutaraq Tokio 2020 Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya əldə edib.

Qeyd edək ki, sentyabrın 9-da başlayıb 15-də başa çatacaq dünya çempionatına 60 ölkədən 600-ə yaxın idmançı qatılıb.

Onu da bildirək ki, 25 yaşlı Roman Saley 2015-ci ildə Şotlandiyanın Qlazqo şəhərində keçirilmiş dünya çempionatının 50 metr məsafəyə sərbəst üsulla yarışında gümüş medal qazanıb. O həmçinin ötən Rio Paralimpiya Oyunlarının 100 metr məsafəyə arxası üstə yarışının gümüş mükafatçısıdır.

Onun özündən dörd yaş böyük qardaşı Dmitri Saley Belarus adından 2008-ci ildə Pekin Paralimpiya Oyunlarının qalibi olub. Daha sonra o, 2013-cü ildə idmançılara Belarusda şərait yaradılmaması və onların aldadıldığını açıqlayaraq Azərbaycan vətəndaşlığını qəbul edib. O, 2015-ci ildə Azərbaycan adından dünya çempionatının gümüş və ikiqat bürünc medalını qazanıb. Həmçinin son Paralimpiya Oyunlarında Azərbaycana iki gümüş medal bəxş edib. Hər iki qardaş prezident İlham Əliyev tərəfindən “Vətənə xidmətə görə” III dərəcəli ordenlə təltif olunub.

Bununla belə, Dmitri Saley yenidən doğulduğu tarixi vətəni Belarus adından çıxış etməyə başlayıb.