Pandemiyanın iqtisadiyyatı çökdürdüyünü və işsizlərin, sosial yardıma ehtiyacı olanların sayını kəskin artırdığını çox eşidirik. “Forbes” isə müəyyənləşdirib ki, bunların dünya zənginlərinə aidiyyətı yoxdur. Martın 23-dən bəri planetin 25 ən varlı adamından heç biri kasıblamayıb. Əksinə, onlar 255 milyard dollar məbləğində əlavə sərvət əldə ediblər.
Forbes gəlirlərin artması sahəsində rekord göstəricinin “Facebook”a məxsus olduğunu bildirir. Son iki ayda bu kompaniyanın səhmləri 60% bahalaşıb, onun 36 yaşlı baş direktoru Mark Zukerberq 86,5 mlrd dollar vəsaitlə dünya zənginlərinin reytinqində 4-cü yerə irəliləyib. Şirkətin yeni “Facebook Shop” ticarət platforması investorlarda ciddi maraq doğurub.
Onlayn-ticarətə artan maraq və ehtiyac fonunda “Amazon”un gəlirləri 29% çoxalıb, şirkətin sahibi Ceff Bezos martdan bu yana daha 30 milyard dollar qazanaraq ümumi sərvətini 146,9 mlrd-a yüksəldib və beynəlxalq reytinq siyahısının başına keçib. Bill Geytsin isə sərvəti eyni dövrdə 11,9 mlrd dollar artıb.
Amma faiz etibarı ilə gəlirlərini ən çox artıran nəhəng firma Çinin elektron kommersiya platforması “Pinduoduo” olub. Onun qiyməti iki ayda ikiqat yüksəlib. Bu onlayn-mağazanın yeni “sosial şoppinq” modeli, endirim kampaniyaları onun 40 yaşlı rəhbəri Kolin Çjen Xuana sərvətini 35,6 mlrd-a qaldırmağa imkan verib.
Karantin dövründə proqram təminatı, telekommunikasiya, elektron kommersiya, kompüter istehsalı sahəsində çalışan şirkətlərin işi “hamıdan yaxşı gedib”.