Pandemiya bitdi, turistlər artır: Azərbaycanı qonaqların gözündə cənnətə necə döndərək?

0
194

Bildiyimiz kimi, pandemiya dövründə Azərbaycana gələn turistlərin sayı azalıb. Lakin ötən ildən bu sayın artdığı müşahidə olunub. Pandemiyadan sonra ilk dəfə olaraq il ərzində Azərbaycana gələn turistlərin sayı 2 milyonu keçib. 2023-cü ildə Azərbaycana gələn turistlərin sayı 30.2 faiz artaraq 2 milyon 85 min nəfər olub. Asiya ölkələrindən ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunduğu halda ərəb ölkələrindən gələnlərin sayında azalma var. Eyni zamanda MDB ölkələrindən gələnlərin sayında da artım olub. Bəs bu artıma Azərbaycan turizmi nə dərəcədə hazırdır?

Məsələ ilə bağlı Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov bildirib ki, 2023-cü ili gələn turislərin sayına görə, postpandemiya dövrünün ən uğurlu ili saya bilərik:

“Düzdür hələ 2019-cu ilin rəqəmləri deyil. Bildiyimiz kimi, 2019-cu ildə 3 milyondan çox turist gəlmişdi. Amma xoş dinamika gedir və turistlərin sayında artım müşahidə olunur. Düşünürəm ki, bu il nəzərdə tutulan 20 faiz artım olarsa, biz bu hədəfə çata bilərik. Bununla bağlı da işlər görülür. Bildiyimiz kimi, COP29 Azərbaycanda keçiriləcək. Əslində bu da çox yaxşı haldır. Çünki, bu yaxşı bir imkandır ki, biz öz imkanlarımızı, potensialımızı dünyaya nümayiş etdirək. Çünki, bu tədbirə gələnlər tək turistlər deyil, eyni zamanda dövlət başçılarıdır. Bütün dünya mediasının da diqqəti Azərbaycana yönələcək. Bu da öz turizm potensialımızı dünyaya nümayiş etdirməyə imkan verir. Nəticədə, bu tədbirdən sonra Azərbaycana gələn turistlərin sayında artım müşahidə edə bilərik”.

Qurum rəsmisi regonlarda hotellərin sayının yetərincə olmadığını qeyd edib:

“Biz istərdik ki, regionlarımızda hotellətin sayı daha çox olsun, büdcəyə uyğun qiymətlər olsun. Xidmət baxımından isə, düşünürəm ki, iş adamları investisiya etdikləri sektorda profesional işçilərin hazırlanması, onlar üçün təlimlərin təşkili məsələlərində diqqətli olmalıdırlar. Çünki xidməti göstərənlər məhz o şəxslərdir ki, hotellərdə, restoranlarda çalışırlar. Bu da öz növbəsində birbaşa müştəri ilə təmasda olan həmin şəxslərdir. Mütəmadi olaraq bu kursların, təlimlərin keçirilməsi çox yaxşı olardı. Düşünürəm ki, investisiya qoyan insanlar da bunu paralel olaraq etməlidirlər. Bununla bağlı bildiyim qədərilə bir çox kurslar həyata keçirilir. Bizim Turizm və Menecment Universitetində də mütəxəssislər yetişdirilir. Düşünürəm ki, bu sektor pandemiya dövründə öz çətinliyini yaşadı. Lakin öz prioritetini qoruyacaq. Turizm Azərbaycana ən çox valyuta gətirən sahələrdən biridir. Bəlkə də elə öndə olanlardan biridir. Bu sahəyə də nə qədər investisiya olarsa, o qədər də gəlir və mənfəət əldə etmək olar”.

Turizm eksperti Əziz Şiriyev vurğulayıb ki, əvvəlki illərə baxanda bu illər xüsusən son dövrlərdə Qarabağın işğaldan azad edilməsi Azərbaycanın gücünü bir daha ortaya qoyub:

“Dövlət siyasətimiz, digər ölkələr ilə münasibətimiz, xüsusən, böyük türk dünyası TURAN-ın yaranma ideologiyası türk dövlətlərini daha da yaxınlaşdırdı. Nəticədə onların bizə münasibəti və turist sayında artım günü-gündən hiss olunur. Xüsusən də son vaxtlar istər qrup, istər fərdi şəkildə bloqerlərin və məhşur müğənnilərin səfərləri ölkəmizin daha çox tanınmasına yol açır. Eyni zamanda həmin ölkələrdə turistlərin ən çox hansı ölkələrdən gəlməsinin statistikasına baxılır. Həmin ölkələrdə Azərbaycanın hava yolları qiymətləri barədə məlumat toplayırlar. Münasib qiymətlər onlarda ölkəmizə qarşı maraq yaradır. Ərəb turistlər istənilən halda dünyanın hər yerinə gedirlər, imkanları buna yol verir.

O həmçinin qeyd edib ki, ərəb turistlərin maraq dairəsi ən çox əyləncədir:

“Nəzərə alsaq ki, sistematik olaraq bəzi əyləncə növləri, məsələn kazino ölkəmizdə yoxdur. Ərəblər bu əyləncə növlərini Gürcüstanda və Ukraynada rahatlıqla əldə edə bilirlər. Lakin düşünmürəm ki, ərəblər köklü şəkildə Azərbaycana gəlməsin. Qətərdən, Omandan, Dubaydan, Səudiyyə Ərəbistanından ərəblər yenə gələcəklər. Getdikcə bu nisbət dəyişə bilər. Düşünürəm ki, yaxın gələcəkdə türk dövlətlərindən ölkəmizə daha çox axın olacaq. Xüsusən Qarabağ, Şuşa, Laçın, Xankəndi istiqamətinə daha çox turist gələcək”.