Pakistan XİN rəhbəri: “Azərbaycanın ərazi bütövlüyü məsələsində qətiyyətli mövqeyimiz var”

0
155

“Azərbaycanın ərazi bütövlüyü məsələsində qətiyyətli mövqeyimiz var”.

Bunu Pakistan İslam Respublikasının xarici işlər naziri Bilaval Bhutto Zərdari BMT-nin Nyu-Yorkdakı baş qərargahında deyib.

Nazir bildirib ki, Azərbaycan və Pakistan arasında diplomatik münasibətlərin qurulmasından 30 il ötür və bu illər ərzində çoxşaxəli münasibətlər formalaşıb:

“Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Biz bu əlaqələrlə fəxr edirik. Bu gün Azərbaycanın xarici işlər nazirinin müavini BMT-nin baş qərargahında Pakistanın qurumdakı Daimi Nümayəndəliyi tərəfindən təşkil olunan Pişəvər terror hücumu qurbanlarının xatirəsini anma tədbirində iştirak etdi. Yanımızda olduğu üçün ona minnətdarlığımı ifadə etmək istərdim. Azərbaycan və Pakistan xalqları, eyni zamanda hökumətlər həmrəydir”.

Zərdari son günlərdə dünyanın müxtəlif yerlərində yaşayan pakistanlı fəalların Azərbaycanın haqlı mübarizəsində açıq dəstəyini nümayiş etdirdiyindən xəbərdar olduğunu qeyd edib.

“Azərbaycan xalqı və hökumətinə həmrəyliyi ifadə etmişik və bunu davam etdirəcəyik. Bütün hallarda Pakistan həmişə Azərbaycanın yanındadır”, – nazir vurğulayıb.