100 mindən çox insan üzərində aparılan son araşdırmaya görə, sosiska və kolbasa kimi ət məhsullarının yeyilməsinin yaşlı insanlarda demensiya (yaddaşın zəifləməsi, ağılsızlıq) riskini əhəmiyyətli dərəcədə artıra biləcəyi müəyyənləşib. Alimlər iddia edirlər ki, həftədə təxminən iki porsiya bu cür məhsul yeyən insanların demensiyaya tutulma riski onu az yeyənlərlə müqayisədə 13% çoxdur.
Tədqiqat orta yaşı 49 olan 133 771 iştirakçının məlumatlarına baxıb. 43 il ərzində 11 173 nəfərə demensiya diaqnozu qoyulub. Ancaq təəccüblüdür ki, işlənməmiş qırmızı ət və alzheimer xəstəliyi arasında birbaşa əlaqə tapılmayıb.
Bununla belə, alimlər ətdən tamamilə imtina etməyə çağırmırlar. Əksinə, pəhrizinizi diversifikasiya etməyi və işlənmiş əti daha sağlam variantlarla – balıq, paxlalılar, toyuqla əvəz etməyi məsləhət görürlər: Məsələn, kolbasanın bir hissəsini balıqla əvəz etmək demensiya riskini 28% azalda bilər.
Qeyd etmək lazımdır ki, oxşar tədqiqatlar əvvəllər də aparılıb, lakin alimlərin yeni işləri daha dəqiq olub.