Özünüməşğulluq proqramı bu il Xaçmazda 224 ailəni əhatə edəcək

0
454

Özünüməşğulluq proqramı çərçivəsində 2019-cu ildə Xaçmaz rayonunda 164 aztəminatlı ailəyə müxtəlif sahələr üzrə öz ailə bizneslərini yaratmaq üçün zəruri mal və materiallar verilib.

Ilin sonuna kimi 224 ailə verilmiş aktivlər hesabına əsasən, kənd təsərrüfatı və xidmət sahələri üzrə öz ailə təsərrüfatlarını formalaşdırıcaq. Növbəti il proqramdan yararlananların sayının 300-ə kimi artırılması nəzərdə tutulub.

Xudat sakini Zahid Xəlilov heyvandarlıqla məşğul olmaq istəsə də, təsərrüfat yaratmaqda çətinlik çəkib. Bununla əlaqədar Özünüməşğulluq proqramından faydalanmaq üçün Xaçmaz Rayon Məşğulluq Mərkəzinə müraciət edib. Onun ailə şəraiti dəyərləndirilib. Z.Xəlilov təlim kurslarına cəlb olunaraq biznes fəaliyyətinin təşkili ilə əlaqədar zəruri bilik və bacarıqlara yiyələnib. Ona təsərrüfatını qurmaq üçün 21 baş qoyun verilib. Heyvanların sayını artırmağı və təsərrüfatı genişləndirməyi hədəfləyən Zahid Xəlilov göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.

Xaçmaz Rayon Məşğulluq Mərkəzinin baş məsləhətçisi Məzahir Novruzov bildirib ki, aztəminatlı ailələrin kiçik biznesə çıxışına və ailə gəlirlərini artırmalarına imkan yaradan Özünüməşğulluq proqramının ildən-ilə genişləndirilməsi təmin edilir. Proqramın icrasında əliliyi olan şəxslərə, şəhid ailələri üzvlərinə, məcburi köçkünlərə, aztəminatlı ailələrin və digər həssas qrupların, tərkibində sağlamlıq imkanları məhdud uşaqlar olan ailələrin, çoxuşaqlı ailələrin üzvlərinə və digər həsas qruplardan olanlara üstünlük verilir.

Xaçmaz rayonunda ötən 4 il ərzində 300-dən çox ailə Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilib.