Ozon təbəqəsi ilə bağlı müjdə: Dünya xilas olacaq?

0
135

Ümumdünya Meteorologiya Təşkilatı (WMO) ozon təbəqəsinin uzunmüddətli bərpa yoluna keçdiyini bildirib.

Təşkilat hər il sentyabrın 16-da qeyd olunan “Beynəlxalq Ozon qatının mühafizəsi günü” münasibətilə ozon təbəqəsinin vəziyyəti ilə bağlı hesabat dərc edib.

Hesabatda aparılan mövcud siyasət nəticəsində ozon təbəqəsinin bərpa olunmağa başladığı bildirilib.

Xlor və brom kimi bəzi maddələrin ozon təbəqəsini məhv edərək zərər verdiyi bildirilən hesabatda bu maddələrin istifadəsinin aradan qaldırılmasının iqlimə faydaları qeyd edilib.

Vurğulanıb ki, mövcud tendensiya davam etdirilərsə, ozon təbəqəsinin 2066-cı ilə qədər Antarktidada, 2045-ci ilə qədər Arktikada və 2040-cı ilə qədər dünyanın qalan hissəsində dəliyin ortaya çıxdığı 1980-ci ildən əvvəlki hala qayıdacağı gözlənilir.

Həmçinin qeyd olunub ki, BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və WMO tərəfindən dəstəklənən 2022-ci ildəki elmi qiymətləndirməyə əsasən, Antarktidadakı ozon dəliyi 2000-ci ildən başlayaraq tədricən sahədə və dərinlikdə yaxşılaşıb.