Özbəkistanda min illərlə yaşı olan qayaüstü rəsmlər tapılıb

0
521

Özbəkistanda çalışan polşalı arxeoloqlar Qızıl-Dərə vadisinin ətəklərində min illərlə yaşı olan qayaüstü rəsmlər aşkarlayıblar.

Varşava Universitetinin tədqiqatçıları bir neçə ildir Özbəkistanın şimal-qərbindəki Çatkal dağlarında qazıntı işləri aparırlar. Bu müddət ərzində onlar 40 min il bundan əvvəl mövcud olan yaşayış məskənləri aşkar ediblər.

Ekspedisiyanın rəhbəri doktor Malqojata Kot deyib ki, buradakı qayaların üzərində müxtəlif təsvirlərin olduğunu yerli sakinlərdən öyrəniblər. Bu rəsmlər indiyədək alimlərə məlum olmayıb. Qayaüstü rəsmlərdə əsasən heyvanlar təsvir edilib. Dağ keçisi rəsmlərinə daha çox rast gəlinir.

Dəniz səviyyəsindən 2500-3000 metr yüksəklikdə yerləşən qayalara dırmaşmaqda arxeoloqlara alpinistlər kömək ediblər.