Öz dəsti-xətti olan jurnalist… – Ağalar İDRİSOĞLU- FOTOLAR

0
678

( Portret cizgiləri)

Rasin Sadıqov. Bu ad və soyad Azərbaycan mətbuatına, mədəniyyətinə, incəsənətinə və bütövlükdə ictimaiyyətinə çox yaxşı tanışdır. Çünki 43 ildən çoxdur ki, Azərbaycan mətbuatında onun çəkdiyi şəkillər və yazdığı məqalələr tez-tez Kutləvi İnformasiya Vasitələrinin əsas şəkillərindən və yazılarından olur. Həm də Azərbaycan mədəniyyətində, incəsənətində onun çəkdiyi foto şəkillər, Tarix,Teatr, İncəsənət muzeylərində əsas yerləri tutmaqla ən çox baxılan şəkillərdir. Onun çəkdiyi bu şəkillər və video lentlərə aldığı tamaşalar, incəsənət əsərləri, tarixi hadisələr gələcək nəsillərimizçün ən böyük, unikal töhfələrdir desəm yanılmaram. Məhz buna görə də Rasim Sadıqovu çoxminli oxucularla daha yaxından tanış etmək istəyirəm.

Qısa arayış: Rasim Mirzəbala oğlu Sadıqov 1956-cı il mart ayının 16-da Bakı şəhərinin Novxanı qəsəbəsində ziyalı ailəsində dünyaya gəlib. Sumqayıt şəhərindəki 12 nömrəli tam orta məktəbdə təhsil alıb. Hələ orta məktəbdə oxuduğu illərdə onun çəkdiyi foto şəkillər və kiçik məqalələr təkcə Sumqayıtda çap olunan qəzetlərdə yox, respublika mətbuatında çap olunub.
Rasim Sadıqov əgər desəm ki, həm fotoqraf və həm də jurnalist kimi həqiqətən bənzərsiz sənətkardır, burada heç bir şişirtmə, mübaliğə yoxdur. Belə ki, o, həqiqətən də jurnalist-fotoqraf kimi heç kimi təkrar eləmir və bu sahədə özünün məktəbini yaradıb. Hətta o, təkcə fotoqraf yox, bu sənətin əsl yaradıcı rəssamıdır. Çünki onun çəkdiyi şəkillər bir-birinə oxşamır. Obrazlı ifadələrlə zəngindir. Və çəkdiyi hər bir şəkili sənət nümunəsi olaraq, elə bil ki, adamla danışır… O, fofoaparatını süngüyə çevirən sənətkar jurnalistdir.

Rusiya Fedorasiyasının bir vaxtlar prezidenti olmuş və bu gün baş nazir postunda Rusiya kimi böyük ölkəyə rəhbərlik eləyən Dimitri Medvedev ilk əmək fəaliyyətinə vilayət qəzetinin foto müxbiri kimi başladığını heç vaxt unutmadığı kimi, indi də dövlət rəhbəri kimi rəsmi görüşlərə gedəndə həmişə sevimili fotoaparatını götürüb şəkillər çəkdiyi kimi Rasim Sadıqov da jurnalist, sayt rəhbəri kimi dövlət səviyyəli görüşlərə gedəndə sevimli fotoaparatını, video kamerasını götürür və orada unukal şəkillər, videolar çəkərək xalqımızın tarix yaddaşında saxlayır. Onun 1976-cı illərdən başlayaraq çəkdiyi həmin şəkillər bu gün unikal bir xəzinədir. Bu şəkillər də tarixlər boyu Rasim Mirzəbala oğlu Sadıqovu Azərbaycan mətbuatında yaşadacaq.
Onunla bizim tanışlığımızın 43 ildən çox tarixçəsi var. Belə ki, mən 1976-cı ildə Sumqayıt şəhərinə gəlib, Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında aktyor kimi əmək fəaliyyətə başlamışam. Və bir ildən sonra teatrda aktyor işləməklə paralel Sumqayıtda “Ümid” adlı Teatr-Studiya yaratmışdım. Sonralar bu kolletiv Sumqayıt Gənclərinin Xalq Teatrı oldu. Elə quruluş verdiyim ilk tamaşalarımın da şəkillərini cəmi 20-21 yaşı olan Rasim Sadıqov çəkib. Həmin vaxtlar mən rejissor kimi ilk tamaşalarımı hazırlayırdım, Rasim də artıq peşəkar fotoqraf və jurnalist kimi incəsənət, mətbuat sahəsində ilk işlərini görürdü. Bu gün mənim arxivimdə Rasimin çəkdiyi çoxlu şəkillər və məqalələr, o illərdən əziz bir xatirə kimi qalıb. Elə həmin vaxtlarda da mən, Rasimdə fotoqrafiya sənətə qarşı çox böyük sevgi və hətta bir rejissorluq, rəssam bacarığı olduğunu görmüşdüm, duymuşdum. Çünki o, tamaşalarda şəkillər çəkəndə elə maraqlı, gözlənilməz məqamlar, anlar, obrazlı ifadələr tuturdu ki, bu mənim özümə də və bu şəkillərə baxan hər bir adama da xoş təsir bağışlayırdı. Elə həmin vaxtlardan da Rasim Sadıqov Sumqayıt şəhərində keçirilən dövlət səviyyəli bütün tədbirləri fotoqraf kimi çəkməyə başladı. Baxmayaraq həmin vaxtlar Sumqayıtda peşəkar, tanınmış fotoqraflar, foto müxbirlər çox idi və şəhər rəhbərliyi də hər bir işi onlara tapşırırdı. Amma Rasimin elə ilk tədbirlərdə çəkdiyi şəkilləri görən şəhər rəhbərləri onun işlərinin orijinallığını görüb, bundan sonra əsas işləri ona tapşırmağa başladılar. Beləliklə, az bir zamanda Rasim Sadıqov Sumqayıtda ən məşhur foto müxbir oldu. Artıq Sumqayıt Dövlət Dram Teatrının tamaşalarını və Sumqayıta gələn məşhur kollektivlərin də foto şəkillərini Rasim çəkməyə başladı. Şəhərdə mədəniyyətlə, incəsənətlə, məşhur görüşlərlə bağlı əsas işləri çəkmək məhz ona etibar olundu. Həmim vaxtdan da Sumqayıtda çap olunan bütün qəzetlərdə və respublika qəzetlərində “ fota Rasim Sadıqovundur” imzası ilə çox maraqlı şəkillər çap olunmağa başladı. Heç 5-6 ay keçmədi ki, eşitdim Rasim Sadıqovu, həmin vaxtlar respublikada ən məşhur qəzet olan “Ədəbiyyat və İncəsənət” qəzetinin baş redaktoru, Xalq şairi Nəriman Həsənzadə qəzetdə işləməyə dəvət eləyib. O vaxtlar bu qəzetə işə düzəlmək çox çətin idi. Çünki Nəriman müəllimin böyük səyi və zəhməti nəticəsində bu qəzetin hər nömrəsi 120 min müsxə çap olunurdu. Bundan başqa isə qəzet həm də Nəriman Həsənzadənin böyük təşkilatçılığı ilə fars və latın qrafikası ilə də çap olunub, Cənubu Azərbaycana və Türkiyəyə göndərilirdi. Hər iki respublikada da bu qəzetin oxucuları həddindən artıq çox idi. Ona görə də burada foto müxbir işləmək hər insana nəsib olmurdu. Buna görə fotoqrafdan böyük peşəkarlıq və orijinallıq tələb olunurdu. Deməli, xalqımızın böyük ziyalısı, təkcə ədəbiyyatı yox, həm də jurnalistikanı mükəmməl bilən Nəriman Həsənzadə Rasim Sadıqovun uğurlu gələcəyini görüb, onu lap cavan yaşlarında işə götürmüşdü. İllər keçəndən sonra sübut olundu ki, Nəriman müəllim Azərbaycan xalqı üçün Rasim Sadıqovu yetişdirib. O, təkcə Rasimin yox, bu gün Azərbaycanda və dünyada məşhur olan onlarla yazıçının, məşhur alimin, tənqidçinin, jurnalistin də “Ədəbiyyat və İncəsənət” qəzetində yetişməsinə böyük köməklik eləyib.
Rasim Sadıqovla bizim müştərək və daha ciddi işlərimiz mən, Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Tetarının rəhbərliyindən Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili- Dram Teatrının rəhbərliyinə qayıdandan sonra, yəni 1989-cu ilin yanvar ayından daha çox oldu. Artıq həmin vaxtı Rasim Sadıqov məşhur “Ədəbiyyat və İncəsənət” qəzetinin fotoqraf-müxbiri olmaqla, təkcə bu qəzetdə yox respublikanın demək olar ki, bütün aparıcı qəzetlərində onun- “foto Rasim Sadıqovundur” imzası ilə çoxlu şəkilləri çap olunurdu. O, 1997-ci ilin sonuna kimi, yəni mən öz ərizəmlə teatrdan işdən çıxana kimi Sumqayıt Dovlət Musiqili-Dram Tetrında tamaşaya qoyulan bütün səhnə əsərlərinin və teatrda keçirilən respublika, şəhər səviyyəli maraqlı görüşlərin foto şəkillərini özünə məxsus orijinalliqla çəkdi. Və hər bir tamaşadakı, tədbirlərdəki şəkillərə yüksək yaradıcılıqla yanaşdı. Bu gün həmin kadrlar böyük tarixi sənədlərdir. Eləcə də bütün bu illərdə Azərbaycan incəsənəti Rasim Sadıqovun sayəsində tarixə köçüb. Azərbaycan incəsənətində elə unikal tamaşalarımız, konsertlərimiz var ki, onlar məhz Rasim Sadıqovun fotoaparatı və videokamerası sayəsində bir tarixi nümunə kimi muzeylərdə qorunub saxlanılır.
Ağdamda işlədiyim 1985-88-ci illərdə də mən Rasim Sadıqovu mətbuat vasitəsi ilə izləyirdim. 1988-ci ildən başlayaraq Azərbaycanda başlayan oyanışda, milli birlikdə əsasən Rasim Sadıqovun çəkdiyi bir-birindən maraqlı, təkrarsız fotoşəkillər qəzetlərin əsas səhifələrini bəzəyirdi. Rasim həm jurnalist və həm də bir vətəndaş kimi ən maraqlı məqamları təkcə fotoqraf kimi yox, həm də özünün videokamerası ilə lentə alirdı. Həmin vaxtlar o, dəfələrlə Qarabağ bölgəsində olmuşdu və hətta Ağdamda da biz onunla görüşmüşdük. O, həmin orijinal şəkillər və çəkdiyi video lentlərlə ermənilərlə çox böyük cəsarətlə təkbaşına vuruşurdu. Bu unukal kadrları dünya mətbuatına ötürməklə Rasim Sadıqov bizim haqq iş uğrunda, öz torpaqlarımızı qorumaq yolunda vuruşduğumuzu sübut etməyə çalışırdı və sübut da eləyirdi. Amma həmin vaxtlar ölkə rəhbərliyində, Milli Məclisdə Rasim Sadıqovu müdafiə eləyənlər çox az olduğuna və bəzən də olmadığına görə Rasim təklənirdi. Böyük əsəb gərginliyi, stress keçiridi.
1990-cı ilin 19-20 qanlı yanvar tarixi günlərinin əsas foto və video çəkilişlərinin müəlliflərindən biri də Rasim Sadıqovdur. O, çox böyük möcüzə nəticəsində həmin vaxtı sağ qalıb. Deməli, həmin dəhşətli hadisələri bu günümüzə ən tutarlı faktlar kimi kimi gətirmək üçün Böyük Yaradan özü Rasim Sadıqovu düşmən güllələrindən qoruyub. Ona görə də biz dostlar Rasim Sadıqova “Allahın ən sevimli bəndəsi” deyirik. Rasim Sadıqovun çəkdiyi həmin foto şəkilləri və video lentləri biz dövlət səviyyəsində dünyaya çıxara bilsək, elə 19-20 qanlı yanvar faciəsilə biz həmin vaxtlar Rusiyaya rəhbərlik edənləri dünyada rüsvay eləyib beynəlxalq məhkəməyə çıxara bilərik. Həmin dəhşətli faciəni də soyqırım hadisəsi kimi dünyada təsdiq etdirə bilərik. Çünki Rasim Sadıqovda bununla bağlı çoxlu şəkillər və video lentlər var.
Eləcə də Xocalı faciəsində çəkilən unukal şəkillrin də çoxunun müəllifi Rasimdir. Məhz həmin nadir şəkillər, videokadrlar sübut-dəlil kimi bizə əsas verir ki, ermənilərin faşist, gavur olduqlarını dünya xalqlarına sübut edək. O, özünün fotoaparatı və video kamerası ilə Qarabağda müharibə gedən vaxtlarda tez-tez döyüş bölgələrində olurdu və oradan unikal kadrları respublika mətbuatına yayırdı. Bu böyük sənətkar bütun bu illərdə fotoaparatını və video kamerasını süngü edib və sözün həqiqi mənasında düşmənlə vuruşub. Qarabağ döyüşlərində şəhid olan, yaralanan döyüşçülərin və öz dədə-baba yurdlarından didərgin düşən yüzlərlə həmvətənlərimizin unikal şəkilləri bu gün Rasim Sadıqovun arxivində ən müqəddəs şəkillər kimi qorunur. Eləcə də Azərbaycana gələn dünyanın çoxlu tanınmış insanlarının da ömürlərinin bir anlıq şəkilləri onun arxivində həddindən artiq çoxdur. 1988-93-cü illərdəki xaos və vəzifə davası, torpaqlarımızın hərraca qoyulması səhnələrinə həsr olunan foto və video kadrları da Rasim Sadıqovun arxivində həddindən artıq çoxdur. Bunların hamısı hökmən dövlət səviyyəsində kitab kimi çap olunub, gələcək nəsillər üçün tutarlı sənədlər kimi qalmalıdır. Elə Rasim Sadıqovun Azərbaycan Nəşriyyatındakı iş otağının divarlarında yüzlərlə tarixi şəkillər var. Bu otağa girən hər bir adam Rasim Sadıqovun belə zəhmətkeşliyinə, vətənpərvərliyinə, döyüşkənliyinə və əsl Vətən sevgisinə heyran olur. Bu otaq orijinal şəkillərdən ibarət bir müqəddəs muzey və danışan tarixi arxivdir.
Rasim Sadiqovun 17 il bundan qabaq yaratdığı və bu gün də böyük uğurla rəhbərlik elədiyi “AZpress.AZ” Xəbər Saytı qısa vaxtda oxucularda, tamaşaçılarda böyük maraq yaradıb. Həm də təkcə Azərbaycanda yox, dünyada ən çox oxunan saytlarımızdan biridir. Çünki bu sayt tam qərəzsizdir, obyektivdir, buradakı yazılar həddindən artıq maraqlıdır və hər bir məsələni obyektiv işıqlandırır. Bütün bu illərdə “AZpress.AZ” Xəbər Saytı Azərbaycan dövləti və dövlətçiliyi üçün də çox böyük işlər görüb. Bu sayt məhz Rasim Sadıqovun böyük zəhmətinin, yüksək təxəyyülünün sayəsində Azərbaycan həqiqətlərini tez və operativ formada dünya oxucularına və tamaşaçılarına çatdıran saytlardan biridir. Həm də özünün maraqlı informasiyalarına, orijinal videolarına görə ən çox oxunan və baxılan saytlardan biridir “AZpress.AZ” Xəbər Saytı. Bütün bunlar da bir daha istedadlı jurnalist, yüksək təşkilatçı rəhbər kimi Rasim Sadıqovun əsl peşəkarlığının bir sübutudur. Bir vaxtlar adi fotoqraf və müxbir kimi işə başlayan Rasim Mirzəbala oğlu Sadıqov böyük zəhmətinin, yuxusuz gecələrinin, yorulmaq bilmədən çalışmasının sayəsində bu gün respublika mediasının ən aparıcı mütəxəssislərindən, jurnalistlərindən biri olub. Məhz buna görə də onunla hesablaşanlar, ondan məsləhət alanlar və yaradıcı işləri oxunaqlı və baxımlı olsun deyə öz qəzetlərində, jurnallarında və saytlarında Rasim Sadıqovun işlərini yerləşdirən qəzet, sayt rəhbərlər çoxdur. Biz Rasimlə hər ikimiz mart ayının 16-da dünyaya gəlmişik. Amma Rasim Sadıqov məndən 6 il sonra bu dünyaya göz açıb. Bəlkə də elə mart ayının 16-da dünyaya gəlməyimiz bizi daha yaxın dost eləyib. Mən də bütün bu illərdə cavanlıq dostumun bu uğuruna öz uğurum kimi çox sevinirəm.
43 ildə çox yaradıcılıqla məşğul olan Rasim Sadıqov həm də yaxşı müəllimdir. O, özünün çoxlu davamçılarını da yetişdirib. Onlar öz müəllimlərilə birlikdə Azərbaycanın foto və video səlnaməsini yaradırlar. Bu gün bir çox media orqanlarında da Rasimin onlarla şagirdi böyük uğurla çalışır və onlar da öz müəllimləri kimi Azərbaycanın foto səlnaməsini yaratmaqla məşğuldurlar. Onun yetirməsi Dilavər Nəcəfova prezidentimiz cənab İlham Əliyev tərəfindən 3 otaqlı mənzil və Əməkdar jurnalist fəxri adı verilib. Bu, müəllim kimi Rasimin qələbəsi deməkdir.
Rasim Sadıqov ulu öndər Heydər Əliyevin, prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və çoxlu dövlət rəsmilərinin, elm, ədəbiyyat, incəsənət adamlarının, məşhur ziyalıların bir-birindən maraqlı, unukal şəkillərinin müəllifidir. Həmin orijinal şəkillərin çoxu ilə biz mətbuatdan tanışıq. Amma bu şəkillərin müəllifinin məhz Rasim Sadıqov olduğunu bilmirik. Bütün bunlar da Rasim Sadıqovun təvazökarlığından irəli gəlir. Rasim, böyük ziyalı, yüksək tərbiyəli və unikal sənətkar olduğuna görə heç vaxt özünü gözə soxmayıb. Yəqin elə buna görə də onun əməyi bu vaxta qədər layiqincə qiymətləndirilməyib. 43 ildən çox mətbuat sahəsində böyük şərəflə, peşəkarlıqla, yüksək vətəndaş cavabdehliyi və istəyi ilə çalışsa da ona hələ bu vaxta qədər Əməkdar Jurnalist fəxri adı verilməyib. Mənimçün çox maraqlıdır. Axı Rasim Sadıqov bundan sonra daha hansı işləri görməlidir ki, ona bu fəxri ad verilsin?
Baharın ilk ayında, 1956-cı ilin mart ayının 16-da dünyaya gələn dostumu gec də olsa ad günü münasibəti ilə bir daha onu sevən və yaradıcılığını maraqla izləyən insanlar adından təbrik eləyirəm. İnanıram ki, tezliklə haqq öz yerini tapacaq. Biz, Rasim Sadıqovun adının qarşısında Əməkdar Jurnalist adının yazıldığını da tezliklə görəcəyik. Çünki bu fəxri ada Rasim Sadıqov çoxdan layiqdir.


Ağalar İDRİSOĞLU
Əməkdar incəsənət xadimi