Ötən il 2-17 yaş arası bir milyarda yaxın uşaq bu və ya digər şəkildə təcavüzə, zorakılığa məruz qalıb.
Bu barədə BMT Uşaq Fondunun (UNICEF) yayımladığı hesabatda deyilib.
Sənədə görə, iki ilə dörd yaş arasındakı təxminən 300 milyon uşaq qəyyumları tərəfindən mütəmadi olaraq qəddar davranışla üzləşiblər.
Hesabat müəlliflərinin fikrincə, koronavirus epidemiyasının yayılmasına qarşı tətbiq olunan tədbirlər yetkinlik yaşına çatmayanlara qarşı zorakılıq hallarının qarşısının alınmasını xeyli çətinləşdirir. Belə bir vəziyyət uzunmüddətli mənfi nəticələrə səbəb ola bilər.
Pandemiya uşaq sağlamlığı və təhsili kimi sahələrdə indiyədək qazanılmış nailiyyətlərə də xələl gətirib.
Bundan əvvəl Beynəlxalq Əmək Təşkilatı və UNICEF proqnozlaşdırmışdı ki, koronavirus pandemiyası səbəbindən dünyada milyonlarla uşaq işləməyə məcbur olacaq. Eyni zamanda, onsuz da işləyən uşaqlar daha ağır vəziyyətə düşə bilərlər.
Pandemiyaya görə bağlanan təhsil müəssisələrində fəaliyyət bərpa olunduqdan sonra iqtisadi böhranla əlaqədar yaranan imkansızlıq səbəbindən təhsil almaq hər uşağa nəsib olmaya bilər.