Başa çatan 2020-ci il dünyada bir sıra hadisələrlə yadda qaldı. Koronavirus pandemiyasının yayılması yaşadığımız planetin balansını əməlli-başlı dəyişdi.
2019-cu ilin 31 dekabr tarixində Çinin Hubey əyalətinin ən böyük şəhəri Vuhanda yeni koronavirus infeksiyasının peyda olduğu açıqlandığı ilk gündən insanlıq yaşamaq uğrunda mübarizə aparmağa başladı.
2020-ci ilin noyabr ayının üçündə ABŞ-da keçirilən prezident seçkiləri siyasi hadisələr arasında öz əhəmiyyəti ilə yadda qaldı. Mövcud prezident, respublikaçı Donald Trampın qələbə çalacağını ehtimal edənlər daha çox olsa da, proseslər başqa cür nəticələndi. Demokrat Partiyasının namizədi Co Bayden ölkənin 46-cı prezidenti kimi tarixə düşdü.
2020-ci ilin əvvəlində Bağdad hava limanında iranlı general Qasım Süleymaninin öldürülməsi, onsuz da gərgin olan ABŞ və İran münasibətlərini bir az da tarıma çəkdi. Avropa Birliyi ilə İngiltərə arasında “Brexit” razılaşmasının əldə olunması ilin ən mühüm siyasi hadisələri arasında yer aldı. 2020-ci ilin ən mühüm hadisələrdən biri də Azərbaycanın öz əzəli torpaqlarını işğaldan azad etməsi oldu. Bu, 2020-ci ildə baş verən ən mühüm hadisələrdən biri kimi tarixə düşdü.
Beləliklə, hadisələr sarıdan bol keçən 2020-ci il bəşəriyyət üçün ciddi sınaq ili, biz azərbaycanlılar üçün isə böyük, möhtəşəm Qələbə ili oldu.