“Oskar”a təqdim olunan filmimiz Zaqrebdə nümayiş olundu

0
529

Tədbirdə Zaqrebdə fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Zaqrebdə Azərbaycanın Xorvatiyadakı səfirliyi və Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə rejissor İlqar Nəcəfin çəkdiyi “Nar bağı” filminin nümayişi təşkil olunub.

Tədbirdə çıxış edən Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədr müavini xanım Nataliya Oştariyaş Xorvatiya ilə Azərbaycan arasındakı əlaqələrdən söz açıb. O, ekran əsərinin psixoloji dram janrında çəkildiyini və maraqlı bir ailə dramı üzərində qurulduğunu qeyd edib.

Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov filmin nümayişinə təşrif buyurmuş qonaqlara təşəkkürünü bildirib, hadisənin vacib mədəni əhəmiyyət kəsb etdiyini vurğulayıb. O qeyd edib ki, Azərbaycan kino ustaları tərəfindən çəkilən filmlərin xorvat tamaşaçılarına təqdim olunması xalqlarımız arasında mədəni əlaqələrin möhkənlənməsinə öz töhfəsini verəcəkdir.

Filmin nümayişindən əvvəl tədbir iştirakçılarına ziyafət verilib. Tədbirdə Zaqrebdə fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, 2017-ci ildə lentə alınmış ekran əsəri Anton Çexovun məşhur “Albalı bağı” pyesinin motivləri əsasındadır. Film 13-cü Avrasiya Beynəlxalq Film Festivalında mükafatlarla təltif olunub. Qurban İsmayılov filmdə ifa etdiyi roluna görə “Ən yaxşı kişi rolu”, film “Münsiflər heyətinin xüsusi mükafatı” və FIPRESCI (Beynəlxalq Kinotənqidçilər Federasiyası) tərəfindən “Xüsusi vurğulama”ya layiq görülüb.

“Nar bağı”, 22-28 iyul tarixlərində Astanada keçirilən festivalın əsas müsabiqə proqramında təqdim olunub.

Filmin dünya premyerası Çexiyanın “Karlovy Vary” Beynəlxalq Film Festivalının “Qərbin Şərqi” müsabiqə proqramı çərçivəsində keçirilib.

Azərbaycandan “Xarici dildə ən yaxşı film”ə görə Oskar mükafatına təqdim olunub.