Müəyyən qrup vitaminlərin xüsusilə C, D, E, A vitaminlərinin COVID-19 zamanı orqanizmə qoruyucu təsiri çox yüksəkdir. Bu sözləri Azərbaycan Tibb Universitetinin Qidalanma və kommunal gigiyena kafedrasının müdiri, dosent İbrahim Əhmədov koronavirus və orucluq şəraitində düzgün qidalanma ilə bağlı tövsiyələrini verərkən deyib. Onun qidalanma ilə bağlı müvafiq tövsiyələrini təqdim edirik.
Koronavirusdan qoruyacaq bir qida varmı?
Bütün dünyaya yayılan yeni tip koronavirus ( COVID-19 ) pandemiyasından insanları qoruyacaq xüsusi bir qida yoxdur. Ümumiyyətlə hansısa qidanın hər hansı bir xəstəliyin qoruyucusu olmasını demək doğru olmaz. COVID-19-a gəldikdə isə bu müddət ərzində başa düşdüyümüz odur ki, bu xəstəliyə qalib gəlmək üçün yüksək immun sisteminə sahib olmalıyıq. Bu baxımdan hər zaman vurğulanan sağlam və balanslaşdırılmış qidalanma bir daha öz önəmini qazanır.
Ramazan ayında necə qidalanmaq lazımdır ki, immun sistemimiz zəifləməsin?
Bütün bioloji fəal komponentlər yəni, əvəzolunmaz amin turşuları, doymamış yağ turşuları, vitaminlər, mikroelementlər, minerallarla zəngin olan bütün məhsullar bu patalogiyanın qarşısının alınmasında insan orqanizminə yardımçı vasitə hesab oluna bilər. İlk növbədə onu bilməliyik ki, orqanizmdə immun sisteminin möhkəmliyi zülal komponenti ilə bağlıdır. Bu səbəbdən əvəzolunmaz amin turşuları ilə zəngin olan tam dəyərli zülal mənbəyi olan məhsullar bilavasitə immunitetin yüksəlməsində aparıcı rol oynayır. Heyvan mənşəli məhsullar : süd – ağartı məhsulları, balıq, yumurta, ət məhsulları bu qrupdan olan komponentlərdir.
Bu məhsullar həm zülal mənbəyi olaraq dəyərlidir, həm mineral maddələr, həm də yağda həll olan vitaminlərin yeganə mənbəyi bu adlarını çəkdiyim məhsullardır. Digər tərəfdən bilirik ki, antioksidant kimi və immun sisteminin yüksəlməsində əsas rol oynayan vitaminlərdir, xüsusilə də suda həll olan vitaminlər. Müəyyən qrup vitaminlərin xüsusilə C, D, E, A vitaminlərinin COVID-19 zamanı orqanizmə qoruyucu təsiri çox yüksəkdir. Amma unutmamalıyıq ki, orqanizm tarazlıqda qorunub saxlanılmalıdır. Bəzən təlaşa düşüb hər hansı komponentin qəbulunun artırılması, digər komponentlərin də bədəndə artmasına şərait yaradır. Tövsiyəm bunların qəbulu ilə bərabər polivitamin preparatlarından istifadə olunmasıdır. Orqanizm çox mürəkkəb mexanizmdir. Adət etdiyimiz gündəlik qidalanmada əsas elementləri unutmamalıyıq.
Hansı xəstələr oruc tutarkən diqqət etməlidirlər?
Xroniki xəstəliyi olan insanlar diqqət etməlidirlər. Məsələn insan şəkərli diabet xəstəsidirsə, aydın məsələdir ki, gün ərzində maye təlabatının vaxtında ödənilməsi sağlamlığının qorunmasının əsas şərtidir. Və ya bilirik ki, COVID-19 zamanı laxtalanma proseslərinin artmasının nəticəsi çox təhlükəli ola bilər. Ürək damar sitemi çatışmazlığı olan, mədə-bağırsaq problemləri yaşayan insanların zamanında qida və maye qəbulu sağlamlıq cəhətdən çox önəmlidir.
Ramazanda nə qədər su içməliyik?
Su orqanizm üçün ən vacib qida amillərindən biridir. Bəli, su qida amilidir. Maddələr mübadiləsi zamanı əmələ gələn ara maddələr çox güclü zəhərləyici xüsusiyyətlərə malik olan birləşmələr olub, insan orqanizminin həyati funksiyalarını poza bilər. Su həm də daxili təmizliyi təmin edən çox vacib amildir. Bu baxımdan yaxşı olar ki, insanlar qəbulda canlı suya üstünlük versin. İnsan suyu yalnız içki şəklində qəbul etmir. Qəbul etdiyimiz maye miqdarının təxminən 25-30%-ni xörəklərin, 15-20%-ni isə məhsulların tərkibində qəbul edirik. Sərbəst maye şəklində isə qəbul edəcəyimiz miqdar xüsusilik təşkil edir. Bu miqdar insan orqanizminin maddələr mübadiləsinin intensivliyindən, gördüyü işdən, ağırlıq dərəcəsindən, hava temperaturundan və s. asılıdır. Orta hesabla götürsək, müasir dövrdə gündəlik 2-3 litr maye qəbulu ödənilərsə, kifayətdir. Əslində maye tələbatını bədənimiz özü bizə bildirir. Əgər orqanizmdə mühitlərin qatılığı artarsa, mərkəzi sinir siteminə gedən reaksiya hesabına susuzluq yaranır. Və bu zaman tövsiyə edərdim ki, canlı (qaynadılmamış su) sudan istifadə olunsun. Əsas məqamlardan biri isə su qəbulunu birdəfəlik 1 litr içməklə deyil, fasilələrlə qəbul etməkdir. Ramazan müddətində isə gün ərzində mayeyə olan tələbatın insana çətinlik yaratmaması üçün imsaq zamanı 3-4 stəkan maye qəbul etməsi kifayətdir. Əsasən də Ramazanın ilk günlərində diqqət etmək lazımdır. Gündəlik qəbul etdiyimiz maye miqdarının 40-50%-ni imsaq zamanı qəbul etsək, iftar zamanına kimi bədənimizə yardımçı olmuş olarıq.
İmsaq və iftarda tövsiyə olunmayan qidalar hansılardır?
Nəinki Ramazan ayının imsaqında, eləcə də adi günlərdə belə səhər yeməyi mütləq yeyilməlidir. Əsasən də gün boyu enerjiyə ehtiyacı olan iş adamları buna əməl etməlidirlər. Ona görə də imsaqda insana enerji verəcək qidaların qəbul edilməsi vacibdir. Bu baxımdan imsaqda ilk növbədə duzlu qidaları rasiyondan çıxarmaq lazımdır. Turş qidalar, konservləşdirilmiş məhsullar, duzlu pendirlərdən, şirniyyatlardan imsaq zamanı uzaq durmaq tövsiyə olunur. Məsələn, menyuda yumurta, şit pendir, göyərti, pomidor, xiyarın olması məqsədəuyğundur. Bütün bunların imsaq və iftarda olması yaxşıdır.
İftar bir stəkan su ilə açılır. Buna səbəb mədənin rahatlamasıdır. Təbii ki, əvvəlcə ən yüngül qidaların qəbulu daha yaxşı olar. Birinci menyuda sulu yeməklərin olması vacibdir. Çünki birdən-birə ağır yeməyə keçmək xüsusilə də mədə-bağırsaq sistemində problemi olan insanların bundan əziyyət çəkməsinə gətirib çıxaracaq.
İftar zamanı şirniyyat məhsulları, xəmir xörəkləri, yüksək kalorili qidalar oruc tutanlarda kilo artımına səbəb olur. Kilo artımından asılı olaraq qan təzyiqində artım ola bilər. Kolbasa, bastırma və bənzər məhsullar doymuş yağ tərkibi yüksək olduğu üçün yeyilməsi riskli olan qida qruplarındadır. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nəşr olunan son araşdırmaya görə, işlənmiş ətlərin xərçəng riskini artırdığı sübut edilib. ÜST tərəfindən nəşr olunan 27 maddəlik hesabatda işlənmiş ətlər 1-ci kateqoriya risk təsnifatına daxil edilib.