Ordu sərhədə göndərildi, bu ölkə işğal ediləcək – Rusiyanın yeni PLANI?

0
210

Venesuela qonşu ölkə Qayananın böyük hissəsini əhatə edən Essequibo bölgəsini ələ keçirməyə hazırlaşır. Dekabrın 3-də bu məqsədlə ölkədə referendum keçirilib və venesuelalıların 90 faizindən çoxu Essequibonun ilhaqını dəstəkləyib.

Referendum təşəbbüsünü Venesuela prezidenti Nikolas Maduro irəli sürüb.

Beş bənddən ibarət olan səsverməyə Qayana ilə sərhədin tanınmaması, qonşu ölkənin böyük hissəsinin – Essequibonun Venesuelaya birləşdirilməsi çıxarılıb və əhali tərəfindən dəstəklənib.

Essequibo bölgəsi Venesuela-Qayana sərhədində yerləşir. Bu torpaqların neftlə zəngin olması Venesuelanın xüsusilə diqqətini çəkir. Tarixən bu ərazilər ispan və ingilis mütəmləkəsində olub. Venesuela və Qayananın sərhədləri müəyyən edilmədiyi üçün hər iki tərəf bura iddia edir. 1880-ci ildə ərazidə qızıl yataqları aşkar ediləndə mübahisə daha kəskin mərhələyə qədəm qoydu. 1895-ci ildə Venesuela Monro Doktrinasına istinad edərək, ABŞ-ın bölgəyə müdaxiləsini istədi. ABŞ prezidenti Qrover Klivlend Böyük Britaniyadan iki, Rusiya İmperiyasından iki və ABŞ-dan iki arbitr olmaqla Arbitraj məhkəməsi yaratdı. 1899-cu ildə Rusiya nümayəndəsi Britaniyanın mövqeyini dəstəklədiyi üçün iki ölkənin sərhədi əvvəllər Londonun elan etdiyi “Şomburq xətti” ilə quruldu.

Qərarın de-fakto tanınmasına baxmayaraq, Venesuela buna rəsmi etirazını davam etdirir. 1966-cı ildə Qayana Böyük Britaniya və Venesuela ilə ərazi mübahisəsinin sülhlə həlli haqqında Cenevrə sazişi imzaladı. Rəsmi Karakas bu sazişi ərazilərin Venesuelaya verilməsinin tanınması kimi şərh edir. Venesuelanın bütün rəsmi xəritələrində və simvollarında Qayana ərazisi kölgə ilə təsvir olunur. Keçmiş prezidenti Uqo Çaves ölkənin bayrağını dəyişdirərək, səkkizinci ulduzu əlavə etdi. Səkkizinci ulduz Essequibonun Venesuelaya məxsusluğunu simvolizə edir.

Maduronun hədəfi nədir?

Essequibonun ilhaqını dəstəkləyən referendumun iki hədəfi var: xarici və daxili;

Xarici siyasətdə referendum enerji və neft hasilatı problemlərindən qaynaqlanır. 2013-cü ilin iqtisadi böhranı və ABŞ prezidenti Donald Trampın sanksiyalar tətbiq etməsindən əvvəl Venesuela neft hasilatına görə dünyada liderlərdən biri idi. Venesuelaya sanksiyaların tətbiqindən sonra Qayana ABŞ-a neft tədarükünü artırdı və Karakasın rəqiblərindən birinə çevrildi.

Ukrayada müharibənin başlanmasına görə Vaşinqton Karakasa qarşı sanksiyaları yumşaldıb, nəticədə Venesuela ABŞ və Avropa ölkələrinə neft tədarükünü qismən bərpa edib. Lakin Venesuela Qayana ilə rəqabətdən ehtiyatlanır və enerji imkanlarını genişləndirmək planları var. Bununla yanaşı, son illərdə Latın Amerikasının bir çox ölkəsində solçu hökumətlərin iqtidara gəlməsi Venesuelanın bu ölkələrlə əməkdaşlığını artırmasına və bölgədə mövqelərini gücləndirməsinə şərait yaradıb.

Daxili hədəf isə 2024-cü ildə Venesuelada keçiriləcək prezident seçkiləri ilə bağlıdır. Bu ilin oktyabrında Venesuela müxalifəti “praymeriz” keçirdi və Mariya Korina Maçado böyük fərqlə önə çıxıdı. Maçadonun prezident seçkilərində qalib gələ biləcəyi gözləntisi var və bu, Maduro üçün təhlükə yaradır.

Venesuela müxalifətinin əksəriyyəti Maduro rejimini tənqid etməsinə baxmayaraq, Essequibonun ilhaqı ideyasını tam dəstəkləyir və Qayananın mövqeyinə qarşı çıxır. Maduro referendumla daxildə mövqelərini gücləndirə, eyni zamanda, müxalifət düşərgəsini parçalaya bilər. Misal üçün, Maçado referendumu kəskin tənqid edib, digər müxalifət lideri Henrike Kapriles isə təşəbbüsü dəstəkləyib.

Əsas məqamlardan biri isə bölgədə eskalasiyanın yaranması riskidir. Referendumun nəticələrinin açıqlamasından sonra Venesuela Qayana vəı Braziliya ilə sərhəddə xüsusi təyinatlı qüvvələrin təlimlərinə başlayıb.

Bəzi ekspertlər Venesuelanı ilhaq planına Rusiyanın sövq etdiyi iddiasından da çıxış edir. Rusiyanın Venesuelada yatırımları var və yeni ərazilər yeni qazanc gətirə bilər. O cümlədən, Moskva ABŞ-ın yaxınlığında yeni eskalasiya ocaqları yaratmağı planlaşdırır.