Onun böyük adı və kölgəsi həmişə üstümüzdədir

0
71

Azərbaycan Xalqı öz gücünü və dövlətçilik enerjisini Heydər Əliyevdən almışdır.
Ulu öndərin 55 il əvvəl, iyulun 14-də Azərbaycana rəhbər gəldiyi gündən bu günədək Möhtərəm Adı bütün azərbaycanlıların xilaskarı, qoruyucusu kimi sanki öz sehrini və ilahi gücünü qoruyub saxlamaqdadır.
Mən və mənimki yüz minlərlə indiki Ermənistana məxsus əzəli torpaqlarımız olan Göyçə, Zəngəzur, Zəngibasar, İrəvan mahalında doğulub, böyüyüb-başa çatan minlərlə Qərbi Azərbaycanlılar daim Heydər Əliyevin Atalıq qayğısını hiss etmişik.
O, 250 mindən artıq Qərbi Azərbaycanlının, eləcə də Gürcüstanda yaşayan qədim mahalımız Borçalıdakı soydaşlarımızın arxa-dayağına, hamisinə çevrilmişdi, hər birimizin ictimai-siyasi, sosial hüquqlarını qoruyurdu.
Məhz Onun nüfuzu sayəsində həmin illərdə Ermənistanda Azərbaycan dilində orta məktəblərin sayı artmışdı, Ermənistan SSR Maarif Nazirliyinin məlumatında qeyd edilirdi ki, o dövrdə tədrisin Azərbaycan dilində aparıldığı 155 məktəb mövcud idi ki, burada 50 mindən artıq azərbaycanlı şagird təhsil almışdır.
Təkcə mənim böyüyüb başa çatdığımız Basarkeçər rayonundakı 32 kəndin hər birində Azərbaycan dilində məktəb var idi. 1988-ci ilin fevralınadək fəaliyyət göstərən M.F.Axundov adına İrəvan şəhər Azərbaycan orta məktəbi Ermənistanın ən nümunəvi qabaqcıl təhsil ocağı kimi SSRİ-də şöhrət qazanmışdı.
Eləcə də Xaçatur Abovyan adına Pedoqoji İnstitutda Azərbaycan dili və filologiya fakültəsi fəaliyyət göstərirdi. Kənd Təsərüfatı Texnikumunda yüzlərlə azərbaycanlı öz doğma dilində təhsil alırdı.
O dövrdə Ermənistanda azərbaycançılığı və milli ruhu təcəssüm etdirən mədəni-elmi qurumlarımızın fəaliyyəti artmışdı, Azərbaycan dilində qəzet və jurnalların nəşri genişlənmişdi, Basarkeçərdə Azərbaycan dilində “Bolluq uğrunda” qəzeti nəşr olunurdu.
Ötən əsrin 70-ci və 80-ci illərində Heydər Əliyevin birbaşa əməyi sayəsində keçmiş SSRİ-nin qabaqcıl ali məktəblərinə oxumağa göndərilən minlərlə tələbənin sırasında da Qərbi Azərbaycan və Gürcüstanda yaşayan gənclərimiz xüsusi yer tuturdu.
Heydər Əliyev SSRİ Nazirlər Sovetində rəhbər vəzifədə işləyərkən bizim qayğımızı çəkirdi, lazım olan bütün köməklikləri göstərir, yüzlərlə istedadlı və bacarıqlı mütəxəssisə böyük etimad göstərərək müxtəlif vəzifələrə təyin edirdi.
Bu gün Azərbaycanda yüksək dövlət vəzifələrində, parlament və müxtəlif orqanlarda təmsil olunan yüzlərlə Qərbi Azərbaycanlı Heydər Əliyevin o dövrdə yetişdirdiyi kadrlardır.
Mən fəxr edirəm ki, Heydər Əliyevin kadrıyam.
Təəssüf ki, o dövrdə Kremldə oturanların məkrli planı nəticəsində Ümummilli liderimiz rəhbər vəzifədən uzaqlaşdırıldı və yuxarıda qeyd etdiyimiz elm və təhsil, ictimai, mədəniyyət ocaqlarının hamısının fəaliyyəti dayandırıldı.
Qərbi Azərbaycanlıların və Gürcüstanda yaşayan soydaşlarımızın deportasiyası başladı, Ermənistandakı terrorçu rejimlə yanaşı, Gürcüstanda şovinist Qamsaxurdiya hökuməti azərbaycanlıları öz torpaqlarından çıxardı, təkcə Dmanisidən minlərlə soydaşımız ev-eşiyini itirdi. Heydər Əliyevin Şevardnadze ilə şəxsi dostluğu və dahi şəxsiyyət kimi hörməti nəticəsində sonrakı illərdə bu faciənin də qarşısı alındı.
Həmin vaxt hakimiyyətdə olan Vəzirov, Mütəllibov hökumətii öz doğma yurdunda hər şeyini itirərək Azərbaycana pənah gətirən bizlərə üz çevirdi, minlərlə soydaşımız Azərbaycana yox, Rusiyanın və Orta Asiyanın müxtəlif yerlərinə səpələnməli oldu və neçə illər ağır günlər yaşadılar.
Onlar yalnız 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Azərbaycana qayıdaraq sabit və firavan həyatlarını qurdular.
Ulu öndər ilk gündən bizə yenidən öz Atalıq qayğısını göstərdi. “Qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir” deyən Heydər Əliyev davamlı olaraq şəraitimizlə maraqlandı.
O, 2002-ci il sentyabr ayının 13-də Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Ermənistandan olan qaçqınlar və Xocalıdan olan məcburi köçkünlər üçün salınmış yeni qəsəbənin açılışında ürəkağrısı ilə bildiridi ki, dünya heç vaxt belə qalmayacaq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, kökünlər öz yerlərinə, yurdlarına qayıdacaqlar.
Onun bu arzusunu Siyasi Əmanəti olan İlham Əliyev gerçəkləşdirdi və Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi.
Ali Baş Komandan Vətən müharibəsində qələbədən sonra Qərbi Azərbaycan məsələsini ali məqsəd kimi qarşıya qoyub və Qərbi Azərbaycanlıların “Qayıdış Konsepsiyası” nı gerçəkləşdirməyə çalışır.
Qərbi Azərbaycanın keçdiyi yol Azərbaycan xalqının keçdiyi tarixi yolun bir parçasıdır.
Cənab Prezident 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan ziyalılarının bir qrup nümayəndəsi ilə görüşdə əmin etdi ki, biz Qarabağa, Şərqi Zəngəzura qayıtdığımız kimi Ermənistan ərazisindəki öz qədim ərazilərimizə də qayıdacağıq.
Əminəm ki, biz Göycəyə, Zəngəzura, Basarkeçərə də yaxın zamanlarda qayıdacağıq.