Onların da ömrü uzanacaq – Azərbaycanın beş şəhəri üçün xüsusi layihə hazırlandı

0
394

“Prezident artıq tapşırıq verib, layihələrimiz də hazırdır. Büdcədən vəsait ayrılan kimi, gələn ildən layihələrin icrasına başlanılacaq”

“İçməli su problemi bir sıra ölkələrdə çox ciddi problem kimi qalır. Bəzi ölkələrdə insanların ömrünün uzunluğunun o qədər də böyük olmamasının səbəbi də içməli suya olan tələbatdır. Biz isə bütün şəhərlərdə bu layihələri icra edirik.

İlk növbədə, Bakı şəhərində bunu icra etdik və çox müasir, dünya miqyasında ən böyük sutəmizləyici stansiya tikildi. İndi bütün şəhərlərdə bu layihələr ya icra edilib, ya da ki, icradadır. Cəmi beş şəhər qalıb ki, hələ orada işlər başlamayıb. Ancaq “Azərsu”ya göstəriş verildi ki, gələn ildən başlayaraq qalan bu beş şəhərin də içməli su problemi öz həllini tapsın”.Bu barədə Prezident İlham Əliyev Ağdaş səfəri zamanı çıxışında qeyd edib.

Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əsas ehtiva edilən mənbə Ağdaş mənbəsidir: “2008-ci ildə “Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin həyata keçirilməsinə başlanılıb və layihə mərhələlərlə icra olunub. Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Ağdaş şəhərində 47 min nəfərin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb”.

Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı
“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı

A.Cəbrayıllı qeyd edib ki, bu günə qədər bütün rayon mərkəzlərində işlərə başlanılıb: “Beş şəhərdən dördündə ümumiyyətlə iş görülməyib, birində isə keçən ildən işlərə başlanılıb. Buraya Balakən, Bərdə, Yevlax, Horadiz və Neftçala daxildir. Prezident artıq tapşırıq verib, layihələrimiz də hazırdır. Büdcədən vəsait ayrılan kimi, gələn ildən layihələrin icrasına başlanılacaq”.

Onun sözlərinə görə, eyni zamanda Horadiz şəhərində cənab Prezidentin sərəncamı ilə ilkin olaraq su təsisat sistemlərinin qurulmasına başlanılıb. İşlərə gələn il də davam ediləcək və kanalizasiya sistemləri qurulacaq. Layihəyə 6 milyon pul ayrılıb.

Horadiz şəhəri üçün yeni subartezian quyulardan ibarət mənbə yaradılacaq: “Neftçala şəhəri mövcud Şirvan-Muğan su kanalından qidalanacaq.  Balakən üçün yeni mənbə nəzərdə tutulur. Yexlax üzrə isə Mingəçevirdəki sutəmizləyici qurğulardan və ya subartezian quyulardan mənbə hazırlana bilər. Buna layihəni hazırlayanlar qərar verəcəklər. Bərdə ilə də bağlı yeni mənbə düşünülür”.

A.Cəbrayıllı qeyd edib ki, adıçəkilən şəhərlərdə su şəbəkələri olub. Sakinlər su pulunu da ödəyiblər. Sadəcə, bu, bütün şəhəri əhatə etməyib: “Sovet dövründə tikilmiş, vətəndaşlar tərəfindən primitiv şəkildə çəkilmiş xətlərdən istifadə edilir. Onların bir çoxunun sayğacı da var. Kimin su xətti varsa, o, su pulunu ödəyir. Kanalizasiya sisteminə qoşulan vətəndaşlardan kanalizasiya pulu da alınır”.

Mətbuat katibi vurğulayıb ki, həmin 5 şəhərdə su təchizat sistemləri və kanalizasiya sistemləri yenidən qurulacaq.  Hər bir evə  sayğaclar və yanğın hidrantları qoyulacaq.  Layihəyə uyğun su və kanalizasiya stansiyalarının tikilməsi də proqnozlaşdırılır: “Ağdaş, Quba və Naftalan şəhərlərində olduğu kimi, adıçəkilən şəhərlərdə də eyni sistem tətbiq ediləcək”.

O əlavə edib ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq 50 şəhər və rayon mərkəzində içməli su təchizatı və kanalizasiya layihələri icra olunur. İndiyədək bu şəhərlərin 30-da su və kanalizasiya, 11-də isə su layihələrinin icrası yekunlaşıb.