“Onların alıcı tapa bilməməsi ucbatından qiymətləri aşağı salmaları, dəllalları da həvəsləndirir”

0
496

Ekspert: “Azərbaycanda avtomobil bazarına nəzarət yoxdur və buna görə də dəllallar həmişə bazarı özləri tənzimləyir…”
Aprelin 27-də Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılması nəticəsində bir sıra sahələrin fəaliyyəti bərpa edildi. Qərarda bildirildi ki, COVID-19 virusu ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma halları təhlil edilib və 2020-ci il 27 aprel tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib.
Fəaliyyətinə icazə verilən sahələr sırasında avtomobil satışı da yer alıb. Bəs hazırda bazarda, avtosalonlarda vəziyyət necədir?
Son həftələrdə Azərbaycanda avtomobil satışında ciddi durğunluq yaşanır. Badamdarda yerləşən maşın bazarında həftə sonlarında belə alver getmir. Ümumiyyətlə, bazarda avtomobil sayı da çox deyil. Ən çox satılan köhnə model “Mercedes”lərdir. Bazardakı “Mercedes” “çeşka”lar adətən 1998-2000-ci illərin istehsalıdır. Ancaq qiymətləri 11-13 min manatdır. Bu qiymətlər koronavirusdan öncəki qiymətlərlə müqayisədə bir qədər aşağıdır.
Avtosalonlarda da satış, demək olar ki, yoxdur. Lakin öyrəndik ki, bir çox avtomobil salonlarında az sayda da köhnə maşınların kreditlə satışı həyata keçirilir. Bu kreditlər çox zaman daxili kredit olur. Avtomobili kreditə almaq üçün qiymətin minimum 50 faizini ilkin ödəniş kimi ödəmək lazımdır. Hazırda ili köhnə olan avtomobillərin nisbətən normal vəziyyətdə olanının qiyməti 10 min manatdan başlayır.
Ekspert Elməddin Muradlı bildirdi ki, hazırda avtomobil bazarında ciddi durğunluq müşahidə edilir: “Çünki bazarlar işləmir, karantin rejimi ilə əlaqədar fəaliyyətini dayandırıb. Nəticədə insanlar daha çox online satış mərkəzlərinə üstünlük verirlər. Avtomobil alqı-satqı saytlarında avtomobil axtarıb, oradan almağa çalışırlar. Apardığımız müşahidələr onu göstərir ki, saytların izləyici sayı azalır, zəng vurub maraqlananlar isə tək-tük hallarda olur. Bu səbəbdən  avtomobil dəllalları ortaya çıxır. Onlar isə avtomobilini satmaq istəyən vicdanlı satıcıları aldatmağa çalışırlar. Çalışırlar ki, avtomobili ucuz qiymətə alsınlar. Vətəndaşlar buna aldanmasınlar və gözləsinlər. Karantin rejimi bitdikdən sonra həmin şəxslər öz avtomobillərini bazarda normal qiymətə sata bilərlər. Yəni onların alıcı tapa bilməməsi ucbatından qiymətləri aşağı salmaları, dəllalları da həvəsləndirir. Bu dəllallar zəng edib müəyyən təkliflər verirlər. Çalışırlar ki, avtomobilini satan şəxsdə durumla bağlı bədbin hisslər yaratsınlar. Deyirlər ki, artıq satış olmayacaq, maşınların qiyməti ucuzlaşacaq. Bu təkliflərlə insanları aldadıb, avtomobilləri alır və yaxud da beh verirlər ki, sənədləşmə işləyən kimi alqı-satqı etsinlər”.
Ekspert hazırda avtomobil bazarında qiymətlərin müəyyən qədər endiyini dedi: “Qiymətlərdə ucuzlaşma satışın aşağı düşməsi ilə bağlıdır. İnsanlar satış olmadığı üçün qiymətləri aşağı salmağa məcburdurlar. Deyərdim ki, bütün dünyada bu proses gedir. Avtomobil salonlarında da deyərdim ki, vəziyyət eynidir. Yeni avtomobillər dəyərindən daha aşağı qiymətlə təklif edilir. 3, 5, hətta 8 min manat məbləğində endirimlər var. Söhbət yeni avtomobillərdən gedir. Ümid edirəm ki, qiymətlər bu formada qalarsa, alıcılarımız üçün də maraqlı olar. Ancaq, hesab edirəm ki, bütün bunlar ötəri tendensiyadır. Çünki Azərbaycanda avtomobil bazarına nəzarət yoxdur və buna görə də dəllallar həmişə bazarı özləri tənzimləyirlər. İstədikləri vaxt qiyməti qaldırıb, aşağı salırlar. Düşünürəm ki, pandemiyadan asılı olaraq maşın bazarı 5-6 aya dirçələcək. Lakin hər halda digər dövlətlərin təcrübəsi nəzərə alınaraq, hesab edirəm ki, Azərbaycanda da maşın bazarına nəzarətin edilməsi yaxşı olardı. Yəni insanlar aldadılmasın. Ümumilikdə isə avtomobil parkının yenilənməsi məqsədilə gələcəkdə gömrük və vergi güzəştləri tətbiq edilərsə, bugünkü gün mövcud olan qiymətlərdən daha ucuz avtomobil almaq mümkün olacaq”.
Onu da bildirək ki, ekspertlər Azərbaycanın avtomobil bazarını olduqca köhnə hesab edirlər. Yuxarıda da qeyd etdiyimiz kimi, bazarda bu dəqiqə əsasən 2000-ci illərin avtomobilləri üstünlük təşkil edir. Hətta qiyməti 8-10 min manat arasında dəyişən 1995-2000-ci ilə qədər istehsal tarixi olan avtomobillər də satılır. Bazarda insanlar da daha çox “Mercedes”in qeyd etdiyimiz illərdə istehsal edilən avtomobilləri ilə maraqlanırlar. Alıcılar bildirirlər ki, bu avtomobillərin “ölüxanası” (ikinci əl detalları) olduğu üçün avtomobili təmir etmək daha ucuz başa gəlir. Tələbatın çoxluğundan istifadə edən dəllallar isə bu kimi avtomobillərin qiymətini süni formada qaldırırlar.
Azərbaycanda 2015-ci ildə baş verən ard-arda devalvasiyalardan sonra avtomobil bazarındakı qiymətlər 2 dəfədən də çox bahalaşıb. Məsələn,  həmin ərəfədə 6 min manata satılan avtomobillər, hazırda 12 min manat və daha yüksək qiymətə satışa çıxarılıb. Son illərdə ən çox qiymət artımı “Opel” və “Mercedes”in modellərindədir. Lakin digər maşın markalarının da qiymətində artım var. Ekspertlər hesab edirlər ki, qiymətlərin bu formada qaldırılması sünidir.
Onu da bildirək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan Gürcüstandan 7 983 ədəd avtomobil idxal edib. Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib. Minik avtomobillərinin ümumi dəyəri 79 195,9 min ABŞ dolları təşkil edib. İllik müqayisədə qonşu ölkədən Azərbaycana ixrac olunan minik avtomobillərin sayı 4 394 ədəd və yaxud 2,2 dəfə artıb.