On iki ay qonaq-qaralı olacağıq: Planlar var, mövsümilikdən xilas oluruq

0
559

Azərbaycan Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm bürosunun 2020-ci il fəaliyyət planında qış xizək kurortlarında turizm fəaliyyət istiqamətlərinin genişləndirilməsi nəzərdə tutulub

Turizm Azərbaycanda qeyri-neft sektorunun mühüm inkişaf istiqamətinindən biridir. Artıq bu sektorda dinamik inkişaf müşahidə olunur. Bunu ölkəmizə gələn turistlərin artan statistikası da təsdiqləyir. Dövlət Turizm Agentliyinin məlumatına görə, təkcə bu ilin yanvar-avqust dövrü ərzində Azərbaycana səfər edən xarici vətəndaşların sayı 8.3% artaraq 2.1 milyona çatıb. Bu isə 2018-ci ilin analoji dövrü ilə müqayisədə 42 min və ya 13.2% artım deməkdir.

Azərbaycana gələn turistlərin sayının ili-ildən artması ölkəmizdə bu sahənin inkişafından xəbər versə də, turizm sektorunda mövsümilik problem olaraq qalır. Hətta Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev də öz çıxışlarında Azərbaycanın turizm sektorunda mövsümilik probleminin mövcud olduğunu təsdiqləyib. O, bildirib ki, problemin aradan qaldırılması istiqamətində işlər gedir.

Qeyd edək ki, turizm sektorunda mövsümilik amili qışda Azərbaycana gələn turistlərin sayına təsirsiz ötüşmür. Halbuki, ölkəmizdə qış turizminin inkişafı üçün böyük potensial var.

Azərbaycan Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirib ki, qış turizmi Azərbaycan Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm bürosunun builki fəaliyyət planında geniş yer alıb. K. Quluzadənin sözlərinə görə, “Şahdağ” və “Tufandağ” kurortlarının turizm təkliflərini turistlərə aşılamaq məqsədilə, hədəfə götürülən ölkələri nəzərdə tutan onlayn kampaniyalar həyata keçiriləcək: “Həmçinin bizim agentlik qış kurortları ilə Bakı və digər şəhərlərin nəqliyyat əlaqələrini nəzərdən keçirib, qış turizmi üçün çatışmazlıqların aradana qaldırılması üçün aidiyyatı qurumlarla iş birliyi yaradır. Əlavə olaraq, turistlər üçün xizək kurortlarının əlçatanlığını artırmaq məqsədilə Azərbaycan Turizm Bürosu www.skiazerbaijan.com vebsaytını hazırlayıb istifadəyə verib. Azərbaycan Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun 2020-ci il fəaliyyət planında isə qış xizək kurortlarında turizm fəaliyyət istiqamətlərinin genişləndirilməsi nəzərdə tutulubr. Bundan əlavə, işgüzar turizmin potensialının daha geniş təbliğatı aparılıb ki, qış mövsümündə bu istiqamətdən daha effektiv bəhrələnə bilək”.

K. Quluzadə bildirir ki, Azərbaycanın regionlarında böyük turizm potensialı var. Bu isə yeni turizm məhsulları yaratmağa imkan verir: “Bir çox regionlarda sahibkarlar artıq aktivdirlər. Bundan əlavə, bu gün qış mövsümü deyəndə mütləq Bakı-Abşeronun və dörd dəhliz üzrə bütün rayonları nəzərdə tutmaq lazımdır. Bakı-Şimal, Bakı-Balakən, Bakı-Gəncə və ətrafı, eləcə də Bakı-Cənub istiqamətlərində hər bir mövsüm üçün infrastruktur var. Bunun üçün kadr potensialı formalaşır”.

Aidiyyatı qurumlar və turizm üzrə ekspertlər də bu sahədə artıq ciddi işlərə başlanıldığını bildirirlər. Azərbaycan Turizm Assosiyasının idarə heyətinin üzvü Göydəniz Qəhrəmanov  bildirib ki, turizmdə mövsümilik faktoru bu sahəni inkişafdan saxlayan amillərdən biridir: “Artıq turizmin inkişaf etdiyi bölgələrdə infrastruktur təkmilləşdirilir. Yeni otellər inşa edilir, turizm sahəsində xidmətin səviyyəsi artırılır. Sözsüz ki, hər birimiz istəyərdik ki, Azərbaycan ilin bütün fəsillərində turistlərin axın etdiyi məkan olsun.

Artıq ötən illərlə müqayisədə ölkəmizə gələn turistlərin sayındakı artım, görülən işlərin bəhrə verdiyini sübut edir. Bununla belə, yay ayları ilə müqayisədə qışda turistlərin sayında azalma müşahidə edilir. Araşdırmalar göstərir ki, Azərbaycana gələn turistlər Bakı ilə yanaşı, qış aylarında daha çox xizək turizminə maraq göstərir. Qəbələ və Qusarda xizək turizmi ilə bağlı böyük infrastruktur var. Ölkəmizin digər qış turizminin inkişafı üçün imkan olan ərazilərində də yeni otellər tikilir, infrastruktur qurulur. Naxçıvanda xizək marşrutunun açılması istiqamətində işlər aparılır. Otellərin sayının artması Azərbaycana turist axınını da artırır”.

Otellər və Restoranlar Assosiasiyası (DAİR) İdarə Heyətinin sədri Samir Dübəndi açıqlamasında deyib ki, Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsində də turizmin mövsümülük məsələsi öz əksinin tapıb. Odur ki, turizm sektorunda mövsümdən asılılıq ili-ildən azalmalıdır. Onun sözlərinə görə, Strateji Yol Xəritəsi ilə bağlı qəbul olunmuş Tədbirlər Planında yerli və xarici turistlər üçün turizmdə mövsümilik problemini regional səviyyədə aradan qaldıran turizm xidməti infrastrukturunun inkişaf etdirilməsi qeyd olunub.

S. Dübəndi bildirir ki, bütün ölkələrdə turizm yay mövsümündə canlanır. Odur ki, dünyanın turizmin inkişaf etdiyi ölkələrində də qış aylarında turist sayı azalır: “Amma biz çalışmalıyıq ki, mövsümdən asılı olmamaq üçün qış turizmini daha da inkişaf etdirək. Qışda “Şahdağ” və “Tufandağ” hesabına turistləri cəlb edə bilirik. Azərbaycan artıq 10 ildir ki, qış turizm sektorunda xidmət təklif edir. Amma çalışmalıyıq ki, bu sahədə də qonşu ölkələrlə rəqabət aparaq. Bunun üçün qiymətlərin azbüdcəli turistlərə uyğunlaşdırılmalı, qış turizm mərkəzlərinin ətrafında daha ucuz yerləşmə mərkəzləri, restoranlar yaradılmalıdır. Etiraf edək ki, bu gün qış turizmi daxili turistlərin hamısının cibinə uyğun deyil. Qış turizmi üçün lazım olan geyim və avadanlığın ucuz qiymətə kirayə verilməsi qış turizminə əlçatanlığı artırar. Həmçinin, bölgələrimizdə inşa edilən hava limanlarının fəaliyyəti gücləndirilməlidir. Turistlərin çoxu regionlara birbaşa reyslərdən istifadə etməklə yox, Bakıya gəlməklə gedir”.

S. Dübəndi deyir ki, həmçinin turizmin müxtəlif növləri üzrə, xüsusilə xizək turizmi üzrə kadr hazırlığı davam etdirilməlidir.

Bakı Turizm Peşə Məktəbinin direktoru Nilufər Kərimova isə bildirib ki, hazırda turizmin bəzi növləri üzrə ixtisaslı kadr hazırlamaq çətindir: “Beş il bundan əvvəl bizim peşə məktəbində qış turizmi üzrə kadr hazırlığı vardı. Amma bu elə ixtisasdır ki, nəzəri bilikdən çox, praktiki bilik tələb edir. O vaxt bu peşəyə qış turizminin inkişaf etdiyi bölgələrdəki məzunların marağı böyük idi. O tələbələr bu ixtisasa qəbul olsalar da, qış turizm mərkəzlərinin direktorları tələbələrə praktika keçmək üçün şərait yaratmırdı. Həmin tələbələr xizək taxıb gəzməyi bacarmalıdırlar ki, təlim ustası kimi çalışa bilsinlər. Bu ixtisası seçən tələbələrə qalmaq üçün yer verilmədiyindən, biz o ixtisası ləğv etdik. İndi biz bu ixtisas üzrə 3 aylıq kurs keçirik. Sabah qış turizmində xizək təlimi üzrə ixtisaslı kadr tələb olunsa, bu sahədə kadr problemi üzə çıxacaq. Ona görə də, turizmdə mövsümülükdən uzaqlaşmaqla paralel şəkildə kadr hazırlığı da aparılmalıdır”.

“Millennium Turizm Lufthansa City Center” şirkətinin prezidenti Ruslan Quliyev bildirib ki, turizmi inkişafdan saxlayan əsas amil elə mövsümiliyin olmasıdır: “Hansı ölkənin turizmi mövsümdən asılıdırsa, həmin ölkədə turizm sektorunda həm qiymətlər yüksək olur, həmçinin də turist axını azalır. Odur ki, Azərbaycan bu məsələdə düzgün yol seçib. Əsas hədəf 12 ay turizmi təbliğ etməkdir. Bunun üçün yeni turizm məhsulları təqdim etməklə yanaşı, qış turizm mərkəzlərimizi daha cəlbedici etməliyik.

Həmin bölgələrə mütəmadi üz tutan turistlər üçün cəlbedici endirim kampaniyaları tətbiq etmək lazımdır. Həmçinin yaydan başlayaraq  qış turizmi növləri tanıdılmalıdır. Məsələn, turistlərin Yeni ili Bakıda qarşılaması turizm məhsulu kimi bu il daha populyar olacaq. Regiondan olan turistlərin Azərbaycana axınını artırmaq məqsədilə qış turizm komplekslərində müxtəlif mövsümlərdə böyük və cəlbedici festivallar keçirilməlidir”.R. Quliyev deyir ki,  bundan başqa Destinasiya Menecmenti Təşkilatları iri tur operatorlarını regionlarda keçirilən tədbirlərə dəvət etməlidir ki, bölgələrdə təklif olunan turizm xidmətləri, suvenir satışı barədə məlumatlı olsunlar: “Qarşıya məqsəd qoyulub ki, 2025-ci ilə qədər Azərbaycan artıq sağlamlıq, qış, mədəni və ekoturizm kimi bir çox ixtisaslaşmış turizm növləri üzrə kifayət qədər tanınmış olacaqdır. Artıq Dövlət Turizm Agentliyi hədəf ölkələrində tanıtım tədbirləri keçirir”.