On altı yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadası Naxçıvan şəhərində keçiriləcək

0
373

On altı yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadası 2020-ci ildə oktyabrın 2-dən 12-dək Naxçıvan şəhərində keçiriləcək.
Bu barədə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov məlumat verib. O qeyd edib ki, Azərbaycan Şahmat Federasiyasının Naxçıvan Şahmat Federasiyası ilə birgə FIDE-yə göndərdiyi məktubda Naxçıvanın 2020-ci ildə bu nüfuzlu turnirə ev sahibliyi etmək istədiyi ifadə olunmuşdu.
Olimpiadanın Naxçıvanda yüksək səviyyədə təşkili üçün hər cür şəraitin olduğunu vurğulayan Faiq Həsənov deyib: “Azərbaycanda şahmata maraq çox böyükdür. Təsadüfi deyil ki, şahmatçılarımızın sorağı ən nüfuzlu turnirlərdən gəlir. Şahmatın Naxçıvanda da yüksək sürətlə inkişafı istiqamətində çoxlu işlər görülür. Bu sahədə kütləvilik artıb, uşaq və yeniyetmələrdə idmanın bu növünə böyük maraq yaranıb. Naxçıvan şahmatçıları artıq beynəlxalq turnirlərdə ölkəmizi layiqincə təmsil ediblər və nəticələrini getdikcə yaxşılaşdırırlar. Naxçıvanda şahmat üzrə bir sıra nüfuzlu turnirlər yüksək səviyyədə keçirilib. Belə ki, 2003-cü ildə Naxçıvan şəhərində 20 yaşadək şahmatçılar arasında dünya çempionatı təşkil edilib. Şahmatçımız Şəhriyar Məmmədyarov dünya çempionatının qalibi olub. Hər ilin may ayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq şahmat festivalı təşkil olunur ki, bu yarışda 15 ölkədən ən güclü şahmatçılar mübarizə aparırlar”.