Ömrünü vətənə bağışlayanlar: Üç qəhrəman şəhidimizin doğum günüdür

0
343

Bu gün 44 günlük Vətən müharibəsi şəhidi İsmayılov Rəhman Mehdixan oğlunun doğum günüdür.

O, 1995-ci il avqustun 18-də Ağstafa rayonunun Muğanlı kəndində anadan olub. 2001–2012-ci illərdə F. Kərimov adına Muğanlı kənd tam orta məktəbində təhsil alıb. Rəhman İsmayılov 2013–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edən Rəhman Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib. O, oktyabrın 19-da Qubadlı döyüşləri zamanı qəhrəmancasına şəhid olub. O, doğulduğu kənddə torpağa tapşırılıb.

Qəhrəman şəhidimiz Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Digər Vətən müharibəsi şəhidi Məmmədov Elmar Saleh oğlu da 1999-cu ilin bu günündə Gəncə şəhərində doğulub.

O, 2017-ci ildə Gəncə şəhər 17 nömrəli tam orta məktəbi bitirib. Elə həmin ildə Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edən Elmar Xocavənd rayonunun Ağoğlan (Hadrut), Füzuli, Qubadlı və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

9 noyabr 2020-ci ildə Xocavənd uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. 21 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Qəhrəman şəhidimiz Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqləndiyinə görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Bundan əlavə, Azərbaycan ordusunun şəhid mayoru Zamanov Sənan Qahir oğlunun dünən doğum günü idi.

Qəhrəman şəhidimiz 1987-ci il avqustun 17-də Qusar rayonunun Çiləgir kəndində anadan olub.

Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən Sənan Zamanov oktyabrın 1-də şəhadətə yüksəlib.

Qəhrəmanımız Qusar rayonunun Çiləgir kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə müvafiq Sərəncamla “Vətən uğrunda” medalı ilə təltif edilib.