Ombudsmandan uşaq hüquqlarının pozulması ilə bağlı müraciət

0
142

Ombudsman Səbinə Əliyeva mediada uşaq hüquqlarının pozulması halları ilə bağlı müraciət edib.

Bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatından məlumat verilib.

Müraciətdə deyilir ki, Ombudsman Aparatı tərəfindən aparılan araşdırmalara əsasən, mediada yetkinlik yaşına çatmayan şəxslərlə bağlı məlumatların, materialların media subyektləri və jurnalistlər tərəfindən yayılması zamanı qanunvericiliyin tələblərinin pozulması halları müşahidə edilir.

Müraciətdə bildirilir ki, bir çox media subyektləri tərəfindən yetkinlik yaşına çatmayan şəxslərlə bağlı dərc olunan və ya yayımlanan materiallarda həmin şəxslərin fotoşəkli və ya videogörüntüləri də daxil olmaqla fərdi məlumatlarının aşkar surətdə verilməsi hallarına rast gəlinir. Bununla yanaşı, bəzi media subyektləri tərəfindən böyük izləyici kütləsini cəlb etmək məqsədilə uşaqların mənafeyinə, həyat və sağlamlığına zərər gətirməklə, onların iştirakı ilə sensasiya doğuran xəbər şəklində yayımlanan materiallar xüsusilə təəssüf doğurur.

Ombudsman qeyd edib ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

“Media haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən, media subyekti və jurnalist tərəfindən yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yayılmasına yol verilmir.

“Bununla yanaşı, həmin qanunda mediada informasiyanın dərc olunması və yayımlanması zamanı “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl edilməsinin vacibliyi təsbit edilib.

Media sahəsində fəaliyyət azadlığından və jurnalist hüququndan sui-istifadə edilməsi, yəni, açıqlanması qanunla qadağan edilən informasiyanın yayılması və ya informasiya mənbəyinin qanunla yol verilməyən hallarda açıqlanması qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Uşaqların həyat və sağlamlığı üçün təhlükə yaradacaq, onların özünə qəsd etməsinə səbəb ola biləcək materialların yayımlanması, belə materiallarda uşağa dair fərdi məlumatların yer alması yolverilməzdir.

Bu baxımdan, media subyektləri və jurnalistlər tərəfindən uşaqlarla bağlı hər hansı materialın yayılmasından öncə bunun səbəb ola biləcəyi nəticəyə mütləq diqqət yetirilməli və uşağın şəxsi və ailə həyatına, şərəf və ləyaqətinə hörmət edilməlidir.

Hazırlanan materialın məzmunu uşaqların hüquq və azadlıqlarına zidd olmamalı və onların qanuni mənafelərinə uyğun şəkildə istifadə edilməlidir. Bununla yanaşı, uşaqlar üçün təhlükəsiz olan, onların hərtərəfli inkişafını və sosiallaşmasını təmin edən informasiya məhsullarının dövriyyəsinə şərait yaradılmalıdır.

Qeyd edilənləri nəzərə alaraq, media subyektlərini və jurnalistləri peşə fəaliyyətlərini həyata keçirdikləri zaman uşaqların mənafelərini üstün tutmağa və uşaqlarla bağlı məlumatların yayılmasında həssas yanaşma nümayiş etdirməyə çağırıram” – deyə, Ombudsman Səbinə Əliyeva müraciətində qeyd edib.