Ombudsmandan qəfil yoxlama: Həkim çatışmazlığı aşkarlandı

0
359
Portrait an unknown male doctor holding a stethoscope behind

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən Səhiyyə Nazirliyinin Gəncə şəhər Körpələr Evinə planlı başçəkmə həyata keçirilib.

Bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması, müəssisədə saxlanılan valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının təmini vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə çərçivəsində müəssisənin bütün ərazisinə, o cümlədən yataqxana, mətbəx, ərzaq anbarı, hamam və digər yerlərə baxışlar keçirilib, tibbi yardımın təşkili, qidalanma və kommunal xidmətlərin təminatı ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb.

Başçəkmə zamanı Gəncə şəhər Körpələr Evində ixtisaslı həkim çatışmazlığı, körpələr evində kommunal xidmətlərin təminatının yaxşılaşdırılmasına ehtiyac olduğu müəyyən edilib.

Başçəkmənin yekununda müəssisə rəhbərliyi ilə söhbətlər aparılıb, körpələr evi sakinlərinin hüquqlarının daim diqqətdə saxlanılması istiqamətində müvafiq tövsiyələr verilib.

Başçəkmənin nəticəsi ilə bağlı Səhiyyə Nazirliyinə müraciət olunacaq.