Ombudsman Ermənistanın törətdiyi cinayətlərlə bağlı yeni faktlardan danışdı

0
129

Ermənistanın törətdiyi cinayətlərlə bağlı yeni faktlar onun beynəlxalq hüququ pozduğununun sübutudur.

Bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Ermənistan tərəfindən törədilmiş cinayətlərlə bağlı növbəti faktların ortaya çıxması ilə bağlı reaksiyasında qeyd olunub.

Qeyd edilib ki, 1992-ci il fevral ayında Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımı zamanı itkin düşmüş, yaxın günlərdə şəxsiyyəti müəyyənləşmiş iki nəfər – Bəsirə Məhərrəmova və Vaqif Məhərrəmov bu gün dəfn ediliblər:

“Ayrı-seçkiliyin, etnik təmizləmənin qurbanı olmuş bir ailənin üzvlərinin qalıqları 32 il sonra Xocalı rayonu ərazisində aşkarlanmış məzarlıqdan tapılmışdır. Bu fakt Ermənistanın törətdiyi müharibə cinayətlərini, habelə beynəlxalq humanitar hüquq normalarını pozduğunu növbəti dəfə sübut edir”.

“Bir daha xatırladırıq ki, beynəlxalq hüququn normalarını kobudcasına pozan Ermənistan tərəfi 30 ilə yaxın müddət ərzində 4000-ə yaxın azərbaycanlı itkinin ailəsini məlumat almaq hüququndan məhrum etmiş, eyni zamanda bu günədək kütləvi dəfn yerləri barədə məlumatları Azərbaycana təqdim etməkdən yayınmışdır”, – Ombudsman vurğulayıb.