“Xəstəxanada baş verən ölüm faktına görə həkim və tibbi personalın günahı sübuta yetirildiyi təqdirdə onlar tutduqları vəzifədən kənarlaşdırılırlar”.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Yeni Azərbaycan Partiyasında keçirilən brifinqdə deyib.
O bildirib ki, əgər tibb müəssisələrində ölüm faktı baş verirsə, aidiyyəti qurum bunu dərhal araşdırmağa başlayır: “Bu həm də qeydə alınan ölüm faktının ağırlıq dərəcəsindən asılıdır. Bu halda həmin şəxs tutduğu vəzifəsindən uzaqlaşdırıla bilər. Zəruri iddiaları əsaslandıracaq sənədlər, faktlar varsa, toplanılır və araşdırılması üçün hüquq-mühafizə orqanlara təqdim edilir. Artıq məhkəmə-tibbi ekspertiza, Səhiyyə Nazirliyinin komisiyyaları məsələyə müdaxilə edir”.
Sədr əlavə edib ki, aparılan araşdırmanın yekun nəticələrinə uyğun olaraq qərar verilir: “Hüquq-mühafizə orqanları da yekun nəticə əsasında müvafiq cəza tədbiri seçir. Nəticədən asılı olaraq tibbi personal və həkim müəyyən cəzaya və ya müəyyən məbləğdə cərimə məsuliyyətinə cəlb olunur. Agentliyin işi bu kimi hadisələrin düzgün araşdırılması üçün zəruri faktları hüquq-mühafizə orqanlarına təqdim etməkdir”.