“Ölü” doğulan körpə basdırılarkən ağladı

0
428

Hindistanın Racastan ştatının Hoqunda şəhərində yeni doğulan qız uşağı səhvən ölü hesab olunaraq basdırılarkən ağlamağa başlayıb.

Belə ki, qadının qayınanasının sözlərinə əsasən, gecə smenində olan tibb bacısı iyulun 9-da dünyaya gələn körpəni ölü bilib və plastik paketə bürüyərək anasına verib.

Körpənin ailəsi tibb bacısının sözlərinə inanıb və uşağı basdırmağa aparıb.

Lakin körpənin atası qohumlardan biriylə torağı qazan zaman uşaq ağlamağa başlayıb. Valideynlər onu yenidən tibb mərkəzinə aparıblar. Həkimlər rayon xəstəxanasına çatdırmaq üçün təcili yardım çağırıblar, lakin maşın saat yarımdan sonra gəlib. O vaxtadək vəziyyəti pisləşən uşağın həyatını xilas etmək mümkün olmayıb.

Ölən körpənin ailəsi tibb mərkəzinin əməkdaşlarını səhlənkarlıqda ittiham edir. Lakin onlar uşağa ölü diaqnozu qoyulmadığını və valideynlərin uşağı icazəsiz apardıqlarını deyərək günahsız olduqlarını iddia edirlər.Tibb mərkəzinin işçilərindən biri qızın vaxtından öncə dünyaya gəldiyini və belə hallarda uşaqların bəzən dərhal ağlamadıqlarını qeyd edib.