Ölkədə qeyri-rəsmi nikahda olanların sayı barədə məlumat verildi

0
312

Ölkədə hələ də qeyri-rəsmi faktiki nikah münasibətində olan ailələr müəyyən edilir.

Bu barədə Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin rəisi Reyhanə Kərimova məlumat verib.

O bildirib ki, əhali arasında aparılan maarifləndirmə işləri çərçivəsində həmin şəxslərə onların hüquq və vəzifələri izah edilib və gələcəkdə yarana biləcək hər hansı bir çətinliklər barədə məlumat verilir:

“2021-ci ilin altı ayı ərzində qeyri-rəsmi faktiki nikah münasibətində olan 550 cütlük qeydə alınıb. Onların hamısının tibbi müayinədən keçirilməsinə yardım göstərilib və artıq 487-nin nikahı dövlət qeydiyyatına alınıb”.

Reyhanə Kərimova qeyd edib ki, bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da sosial problemlər ailə məsələlərinə təsir edir, ailələrin dağılmasına gətirib çıxarır:

“Nikahın pozulması hallarında artım müşahidə edirdik. Bu bizi narahat etməyə bilməzdi. Mövcud hallarının qarşısını almaq üçün Bakı şəhərində qeydiyyat şöbələrinə psixoloqlar dəvət etdik və nikahın pozulması üçün müraciət edənlərə psixoloqlar tərəfindən xidmətlər göstərilməyə başlandı. Bu xidmətlərin cütlüklərin qərarlarına təsir etdiyini gördük”.