Oliqarxlar qəssablara tapşırıq verdi: Azərbaycanda ətin qiyməti kəskin bahalaşacaq

0
79

Azərbaycanda ətin qiyməti günü-gündən bahalaşır. Ekspertlər bunu müxtəlif amillərlə əlaqələndirirlər. Hesablama Palatası da bununla bağlı mövqe bildirib. Vurğulanır ki, yerli istehsalın bazası olan damazlığın lazımi səviyyədə inkişaf etdirilməməsi ölkədaxili ət və ət məhsullarının qiymətlərinin optimallaşdırılmasına mane olan əsas amildir.

Bu arqument nə qədər əsaslıdır? Mövzu ilə bağlı kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov açıqlama verib.

O bildirib ki, heyvandarlıqda məhsuldarlığa təsir edə biləcək əsas amil yem bazasıdır:

“Ola bilsin ki, Hesablama Palatasında bu sahə ilə kifayət qədər məşğul olan mütəxəssis yoxdur. Əgər belə bir qənaətə gəliblərsə bunun özü də müsbət haldır. Yem bazası zəif olduğu üçün damazlığı inkişaf etdirmək mümkün olmayacaq. Azərbaycanda ətin qiymətinin baha olmasının əsas səbəbi yemin baha olmasıdır. Ümumiyyətlə, ölkədə məhsuldarlıq çox aşağıdır. Yemlənmə elə olmalıdır ki, məhsuldarlıq yüksəlsin. Yemdən səmərəli istifadə edib, yaxşı nəticə əldə etmək olar. Bu mərhələdən sonra damazlığı inkişaf etdirmək olar. Hazırda ət və ət məhsullarının qiymətlərinin optimallaşdırılmasına mane olan əsas amil damazlıq deyil”.

Ekspert əlavə edib ki, bu gün ön plana çəkilməli olan məsələ yem istehsalının zəif olması və bu yolda atılacaq addımlardır:

“Aparılan araşdırmalar onu göstərir ki, ət satışı azalıb. Bu da o deməkdir ki, satış azalıbsa, tələb də azalıb. Tələb azaldığı üçün təklif də azalır. Hazırda istehsalçılar bir o qədər ət istehsal etmirlər. Uzun müddətdir ki, bu sahənin öz əlinə alan oliqarxlar var. Həmin oliqarxlar dövlətdən ucuz kredit əldə edib, güzəştlər qazanırlar. Bu sistem davam etdiyi üçün bir çox fermerlər, bu işlə məşğul olan kəndlilər sıradan çıxacaq. Həmin oliqarxlar torpaq sahələrini ələ keçiriblər. Əslində onlar yenidən ətin qiymətini ciddi şəkildə artırıblar. Hələlik bunu bazarda hiss etmirik. Çünki qəssablar qiyməti yavaş-yavaş artırır ki, əhalidə şok effekti yaratmasın. Bir müddət sonra görəcəyik ki, ətin qiymətində çox ciddi artım var. Bu müddət elə də uzun dövrü əhatə etmir. Belə olduğu halda əhalinin yarısı üçün ət əlçatan olmayacaq. Mal ətinin qiymətinin artması ilə qoyun və toyuq ətində də artım baş verəcək”.