“Ohanyan xətti” ilk əməliyyatlar zamanı yarıldı: Elə həmin gün… – Şanlı tarixdən detallar

0
62

“Uzun illər davam edən işğal prosesi zamanı Ermənistan mütəmadi olaraq Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək üçün müxtəlif növ təxribatlara əl atıb”.

Bunu açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, Ermənistanın təxribatlarının qarşısının alınması üçün sentyabrın 27-si Azərbaycanın güclü ordusu əks hücum əməliyyatına başlayıb:

“Nikol Paşinyan hakimiyyətə gələndən sonra təxribatlar daha da intensivləşdi. Aprel və Tovuz döyüşlərindən dərs çıxarmayan Ermənistan 2020-ci ilin sentyabrın 27-də Azərbaycan ərazilərini müxtəlif növ iriçaplı silahlar və artilleriya qurğuları ilə intensiv şəkildə atəşə tutdu. Bunun nəticəsində də bir çox mülkü vətəndaşlarımız və hərbi qulluqçularımız şəhid oldular”.

Ekspert qeyd edib ki, döyüş əməliyyatlarının ilk günündə Azərbaycan ordusu pilotlu və pilotsuz aviasiya vasitəsilə düşmənin hava hücumundan müdafiə sistemlərinin demək olar ki, 60 faizini tamamilə sıradan çıxarıb:

“26 il ərzində hazırlanan “Ohanyan xətti” günün ilk əməliyyatları zamanı tamamilə yarıldı. Həm Kəlbəcər- Ağdərə, həm də Araz boyu istiqamətində düşmənin ciddi sayda silah-sursat, texnikaları və şəxsi heyəti məhv edildi. Elə həmin günün sonunda artıq Azərbaycan ordusu Cəbrayılın iki, Füzulinin dörd kəndini düşmən işğalından azad etdi. Həmçinin Kəlbəcər-Ağdərə istiqamətində yerləşən Murovdağ silsiləsindəki bir neçə yüksəklik nəzarətə götürüldü”.

“Vətən müharibəsi başa çatdıqdan sonra Silahlı Qüvvələrimizin Ali Baş komandanı Prezident İlham Əliyev çox mühüm sərəncam imzaladı. Sərəncam Azərbaycan Respublikasında anım gününün təsis edilməsi haqqında oldu ki, bu da Vətən müharibəsində torpaqlarımızın azad edilməsi uğrunda canından keçən şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-sində qeyd olunur”, – deyə Ə.Verdiyev əlavə edib.