Oğuz rayonunun Yaqublu – Yenikənd və Top – Zərrab kəndlərinə gedən yollar yararsız vəziyyətdədir.
Həmin kəndlərdə yaşayan sakinlər uzun illərdir ki, yolsuzluqdan əziyyət çəkirlər. 1,5 kilometr uzunluğu olan Yaqublu – Yenikənd və 3 kilometrlik Top – Zərrab kəndlərinə gedən yollar tarixən daşlı-kəsəkli olub.
Yağıntıların çoxalması yolda çalaların da sayını artırıb. Bu isə avtomobillərin hərəkətini çətinləşdirib. Həm də nəqliyyat vasitələri tez bir zamanda sıradan çıxır. Kənd rəhbərliyi bu vaxta qədər bütün iclaslarda yolla bağlı məsələ qaldırıb. Uzun illərdir ki, bir çox qurumlara müraciət edən bələdiyyənin də müraciətləri cavabsız qalıb.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 11 nömrəli Yol İstismar İdarəsi ilə əlaqə saxladıq. İdarənin baş mühəndisi Mürvət Qədirov şifahi olaraq bildirib ki, adıçəkilən yollarda payız aylarında təmir işləri aparılıb, lakin havaların əlverişsiz keçməsi nəticəsində Yaqublu – Yenikənd yolunda müəyyən çalalar yaranıb, bu da nəqliyyat vasitələrinin hərəkətində çətinliklər törətməklə narahatlığa səbəb olub.
Baş mühəndis onu da qeyd edib ki, həmin kənd yollarının 2021-2022-ci illərdə dövlət proqramına uyğun olaraq təmiri nəzərdə tutulub. Bununla belə yaxın bir ay ərzində hava şəraiti imkan verdikdə həmin yollarda təmir işləri aparılacaq.