Oğurluqda təqsirləndirilən şəxsə bəraət verildi, müstəntiq cəzalandırıldı

0
766
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsindəkülli miqdarda oğurluqda təqsirləndirilən Fərid Yusubun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Şəhla Hümbətova vəsatət verərək məhkəmə istintaqının yenilənməsini istəyib.
Vəkil bildirib ki, ittiham əsassızdır və mahiyyəti aydın deyil, dövlət ittihamçısı çıxışında ittihamı sübutlarla əsaslandırmayıb: “Təqsirləndirilən şəxsə qabaqcadan əlbir olan şəxslərlə cinayət törətməsi barədə ittiham verilsə də, onun cinayətdə rolunun nədən ibarət olması məlum deyil. F.Yusubun adı yalnız bir yerdə çəkilir ki, G.Şəkinskayanın ölkədən qanunsuz yolla çıxarılması ilə bağlı prosesdə yaxından iştirak edib, yəni xaricdə olsa da, mütəmadi olaraq, internet vasitəsilə ona məsləhətlər verib. Amma iş materiallarında isə bununla bağlı heç bir sübut, telefon və ya internet, sosial şəbəkələr üzərindən danışığı müəyyən olunmayıb.
Dövlət ittihamçısı çıxışında bildirib ki, F.Yusubun ittihamı şahid ifadələri ilə sübuta yetirilib. İş üzrə dindirilən şahidlər isə ifadələrində F.Yusubu, ümumiyyətlə, tanımadıqlarını bildiriblər”.
Vəkil əlavə edib ki, zərərçəkmiş şəxsin ibtidai istintaqa ifadələrində kifayət qədər ziddiyyətli məqamlar var və onun məhkəmədə dindirilməsi təmin edilməyib. “Buna görə də onun ifadəsi mötəbər sübut kimi qiymətləndirilə bilməz”.
Ş.Hümbətova ittihamın sübuta yetirilmədiyini deyərək ona bəraət verilməsini istəyib.
F.Yusub da vəkilinin çıxışını dəstəkləyib.
Hakim müşavirədən sonra məhkəmə istintaqının yenilənməsi barədə vəsatəti təmin etməyib və hökmü elan edib.
Hökmə əsasən, F.Yusubun barəsindəki ittiham sübuta yetirilmədiyinə görə ona bəraət verilib. Həmçinin məhkəmə prosessual pozuntuya yol verdiyinə görə cinayət işinin istintaqını aparan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi barəsində xüsusi qərardad çıxarıb.
Qeyd edək ki, dövlət ittihamçısı çıxışında F.Yusubun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Xatırladaq ki, Gülnarə Şəkinskaya keçmiş həyat yoldaşı E.Şəkinskinin evindən 60 min manat pul oğurlamaqda ittiham olunur. G.Şəkinskaya, eləcə də onun övladları – Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskayalar dövlət sərhədini qanunsuz keçiblər.
Pənah Dadaşov, Namiq Camalov, Raqub İsbəndiyarov, Zeynəb Cəfərova, Şəfiqə Bağırova, Saçlı Həsənova, Pərvin Dadaşov, Rəvanə Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adəm İsgəndərov və Ənnab İsgəndərov isə onlara yardım etməkdə günahlandırılırlar. Həmin şəxslərin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Cinayət işində adları hallanan G.Şəkinskaya, onun qardaşı F.Yusub və Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev barəsində axtarış elan olunub.
“İnterpol” xətti ilə beynəlxalq axtarışda olan F.Yusub xarici ölkədə saxlanılıb və Azərbaycana təhvil verilib.
F.Yusub ölkəyə gətirildikdən sonra barəsində həbs qətimkan tədbiri seçilib, müddət başa çatdıqda isə məhkəmə prokurorluğun müddətin uzadılması ilə bağlı təqdimatını təmin etməyib. F.Yusub barəsində heç bir qətimkan tədbiri seçilməyib və o, azadlıqda qalıb.
O, Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunurdu.
Zərərçəkmiş qismində E.Şəkinski tanınır.