Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun “Yaşma bağları” yaşayış məntəqəsindən başlayan və 150 km uzunluğunda olan 4 hərəkət zolaqlı yeni yol 1b texniki dərəcəyə uyğun olaraq inşa edilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, layihədə tikinti işləri 5 hissə üzrə aparılır.
Artıq ödənişli avtomagistralın Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 km-lik 1-ci hissəsi üzrə tikinti işləri tamamlanıb.
Layihə üzrə 2 yol qovşağı, 1 yol ötürücüsü, 1 kanal körpüsü, 4 düzbucaqlı yeraltı avtomobil keçidi, 33 müxtəlif ölçülərdə düzbucaqlı və dairəvi beton boruların tikintisi, müxtəlif köçürülmə işləri yolun ayırıcı zolağında ümumilikdə cəmi 31 min p/m beton baryerlərin tikintisi icra olunub.
Hazırda tikinti işləri yeni magistralın 5-ci, Şabran rayonunun Gəndob kəndi və Qusar rayonunun Samur qəsəbəsi (Rusiya sərhədi) arasında yerləşən hissəsi üzrə sonuncu mərhələdə davam etdirilir. Bu hissədə isə yeni yol yatağı və əsasın tikintisi, süni qurğuların inşası işləri yekunlaşmaq üzrədir. Buna paralel olaraq hazırda sözügedən hissədə asfalt-beton örtüyünün döşənməsi işləri də icra olunur. Yeni istiqamət üzrə inşa edilən və mövcud magistral avtomobil yolundan 13 km qısa olan sözügedən hissənin uzunluğu isə 58 km-dir.
Qalan 62 km-lik 3 hissə üzrə isə hazırda torpaq yatağının və yol əsasının inşası, qovşaq, yol ötürücüsü, yeraltı keçid, suötürücü boruların tikintisi və müxtəlif köçürülmə işləri davam etdirilir. Ümumilikdə sözügedən hissələrdə tikinti işlərinin növbəti ilin əvvəlinədək yekunlaşdırılması planlaşdırılır.
Qeyd edək ki, yeni inşa edilən 150 km-lik yol boyu ümumilikdə 39 qovşaq və yol ötürücü körpünün, 15 hidravlik və kanal körpüsünün, 41 kəndlərarası düzbucaqlı yeraltı keçidin, 514 müxtəlif diametrlərdə dairəvi beton suötürücünün və ehtiyat boruların, 43 düzbucaqlı suötürücü boruların, 20 avtomobil və mal-qara keçidinin tikintisi, həmçinin müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi nəzərdə tutulub.
Yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə körpü və birləşmələrin, alt keçid, suötürücü boruların, işıqlandırma işlərinin, ayrıcı zolaqda beton bardyurların quraşdırılması, ekoloji və ətraf mühitin qorunması tədbirlərinin görülməsi və yolun hər iki tərəfdən çəpərlənməsi nəzərdə tutulur.
Qeyd edək ki, yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, dəhlizlə yük və sərnişin daşımalarında əsas rol oynayaraq, respublikamızın iqtisadi maraqlarına uyğun yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərinin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, bir çox sosial problemlərin həllinə şərait yaradacaq.