“O, yalnız insan bədənində çoxalır”

0
366

Yeni növ koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması üçün qlobal səviyyədə səylər göstərilməsinə baxmayaraq, virus mutasiyaya məruz qalır və yeni ştamlar yaranır. İlk qeydə alındığı gündən indiyə qədər koronavirusun çox ştamı aşkarlanıb. Sonuncu qeydə alınan ştam isə daha sürətlə yayılan “omikron”dur. “Omikron” ştamının digərlərindən fərqi onun 30-dan çox mutasiyaya məruz qalmasıdır. Tədqiqatçıların fikrincə, immuniteti zəif olanlar digər ştamlar kimi “omikron”a da daha tez yoluxurlar. Ümumiyyətlə COVID-19 virusuna qarşı mübarizənin əsasında peyvəndləmə dayanır. Təəssüf ki, xəstəliyin müalicəsi üçün konkret kimyəvi dərman preparatı yoxdur. Ona görə də ilk və tək qorunma tədbiri vaksinasiyadır.

Bu fikirləri açıqlamasında Qobustan Rayon Mərkəzi Xəstəxanasının həkim-pulmonoloqu Afət Novruzova deyib.

Həkim-mütəxəssis bildirib ki, COVID-19 xəstəliyinin baş qaldırması üçün virusun orqanizmə düşməsi lazımdır, çünki koronavirusun orqanizmdən kənarda çoxalma qabiliyyəti yoxdur: “O, yalnız insan bədənində çoxalır. Virus orqanizmə daxil olandan sonra hüceyrələrin tərkibindən istifadə edərək öz hüceyrəsini qurur. Belə olan halda, immun sistemi bədəndə yad cisim olduğunu hiss edir və reaksiya verməyə başlayır. Bədənin reaksiyası bir neçə simptomla özünü büruzə verir”.

A.Novruzova, həmçinin qeyd edib ki, “omikron” ştamının sürətli yoluxduruculuq qabiliyyətinə malik olmasına baxmayaraq, xəstəlik ağciyər toxumasına daha az zərər verir: “Ona görə də “omikron” ştamına yoluxan xəstənin aşağı tənəffüs yolları nadir hallarda zədələnir. Yəni, belə xəstələrin pnevmoniya ilə xəstələnmə ehtimalı çox azdır. Simptomlar yoluxmadan, adətən, bir gün sonra özünü göstərir. Əzələ ağrıları, yorğunluq, iştahasızlıq, öskürək, burun axıntısı, boğazın qıcıqlanması, ürək çırpıntıları, xüsusən də gecə tərləmələri həmin ştamın əlamətləri arasındadır. Bəzi xəstələrdə “omikron” ştamı simptomsuz keçir, lakin bu, xəstəliyin tamamilə yox olacağı demək deyil. Nəzərə alaq ki, COVID-19 yayılmağa başladığı ilk günlərdə xəstəliyin gedişatı yüngül olurdu, bəziləri onu tamamilə simptomsuz başa vururdu. İstənilən halda, əlamətlərin zəif olmasına baxmayaraq, virus aşkarlanırdı. Daha sonralar isə virusun öldürücü olduğunun hər birimiz şahidi olduq. Eyni xüsusiyyətlər “omikron” ştamına da aiddir. Deməli, “omikron”un da növbəti günlərdə daha öldürücü olma ehtimalı istisna edilmir. Ona görə də qabaqlayıcı tədbirlərə etinasız yanaşmaq olmaz. Lazımi yerlərdə tibbi maska taxmaq, sanitar-gigiyenik qaydalara əməl etmək, əlləri tez-tez yumaq vacibdir. Əhalinin sıx toplaşdığı yerlərə vacib olmadıqda gedilməməlidir. Bundan başqa, əsas profilaktik tədbir olan vaksinasiyada da aktiv iştirak etmək lazımdır”.