O, təxribat olacağından əmin idi, tapşırıqlar vermişdi…

0
475

Ölkə başçısı düşmənin təxribat törədəcəyindən əmin idi. Hətta bununla bağlı öncədən tapşırıqlarını da vermişdi. Təhlükəsizlik Şurasının dünənki iclası isə həm hazırkı vəziyyətin dəyərləndirilməsi, həm də düşmənə qarşı adekvat addımların müzakirəsinə həsr olundu.

Bu sözləri açıqlamasında Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclasının keçirilməsi haqda danışarkən deyib.

F.Mustafa qeyd edib ki, Təhlükəsizlik Şurasının gündəliyində duran əsas mövzu 12 iyulda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribatın törədilməsi idi:

“İclas zamanı ölkə başçısı düşmən təxribatının əsil səbəbləri haqda danışdı. Bununla belə ölkə başçısının münaqişənin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən narazı olduğu da açıqca hiss olunurdu. Faktiki olaraq bu qurum nəinki münaqişənin tənzimlənməsi, həm də mövcud sabitliyi qorumaqda acizdir”.

Deputat bildirib ki, Ermənistanın qurduğu siyasi oyun onun özünü gülünc vəziyyətə qoydu:

“Prezident bildirdi ki, dövlət sərhədində Ermənistan tərəfindən hərbi təxribatların törədilməsi ilk dəfə deyil. Yəni bundan öncə də bənzər hadisələr baş verib. Şübhəsiz, biz bilirik ki, Ermənistan bu yolla nəyə nail olmaq istəyir. Rəsmi İrəvan bu yolla münaqişəyə üçüncü bir tərəfi də cəlb edərək özünü haqlı və ya üstün göstərməyə çalışır. Lakin onu deyim ki, bu cəhdlər boşunadır. Ölkə başçısının da dediyi kimi, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alındı, adekvat cavab verildi və verilməkdədir”