Növbəti qrup Ümrə ziyarətinə bu tarixdə yola düşəcək

0
294

Yanvarın 13-də növbəti qrup Ümrə ziyarəti üçün Səudiyyə Ərəbistanına yola düşəcək.

Bunu  Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri deyib.

O qeyd edib ki, bu il Azərbaycandan Ümrə ziyarətinə gedəcək birinci qrupla bağlı proseslər artıq tamamlanmaq üzrədir. Hazırda müraciətlərin qəbul edilməsi davam edir.

Şöbə müdiri əlavə edib ki, Ümrə ziyarətində yeni tələb qoyulub: “Yeni tələb ondan ibarətdir ki, insanların çox olduğu halda açıq havada da maska taxılması məcburidir. Əvvəl belə tələb yox idi, sonradan bizə belə bir tələbin olduğu bildirildi”.

Qeyd edək ki, Ümrə ziyarəti üçün qiymət təxminən 1440 dollar təşkil edir. Qiymət hotellərə görə dəyişə bilər.

Bu qiymətə təyyarə ilə səfər, VIP hoteldə qalmaq, qidalanma, transfer daxildir.

Zəvvarlar 3 gün Mədinədə, 4 gün Məkkədə qalacaqlar. Səfər birbaşa Bakı-Ciddə reysi ilə AZAL tərəfindən reallaşdırılacaq. Zəvvarlar Ciddədən Mədinəyə yüksək rahatlıqlı avtobuslarla gedəcək.

Eyni zamanda, ziyarətçilər səfər boyunca QMİ tərəfindən peşəkar və təcrübəli rəhbərlərlə təmin olunacaq və səfərlər zamanı onlar dini ayinlərin icrasına məsul olacaq, eyni zamanda həmin yerlərdəki tarixi-dini abidələrlə bağlı məlumatlar verəcəklər.

Səfər edənlərdən COVID pasportu tələb olunur. Hazırda 2 “Sinovac” + 1 “Pfizer” və ya iki “Pfizer” olan pasport tələb olunur. Hələ ki, iki doza “Sinovac” olan pasport qəbul edilmir, ancaq qəbul ediləcəyi ehtimalı var. Zəvvarlar həm səfərə gedən, həm də qayıdan zaman PCR testi verəcəklər. Geri dönən zaman PCR testi QMİ tərəfindən təmin ediləcək. Eyni zamanda, səfər edənlər zəmzəm suyu, keyfiyyətli ehram ilə təmin olunacaqlar.