“Növbətçi bəyanatlar” təşkilatında qərəz: Qazanan Azərbaycan olacaq, itirən isə…

0
226

Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış edib. Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını dayandırıb.

Mövzu ilə bağlı politoloq İlyas Hüseynov açıqlama verib.

O qeyd edib ki, vətən müharibəsindən sonra korrupsiyaya bulaşan və siyasi rüşvətxorluğun alətinə çevrilən bəzi siyasətçilər və eləcə də beynəlxalq institutlar həqiqətdən uzaq və reallıqları təhrif edən yanaşma sərgiləyirdilər:

“Onlardan biri olan AŞPA məhz Azərbaycana qarşı qərəzli və ikili standartları ilə diqqət çəkir. Eyni zamanda Azərbaycan nümayəndə heyətinin səsinin dondurulması ilə bağlı qaldırılan təşəbbüs, əlbəttə ki, qanunun aliliyi və insan haqları ilə məşğul olan bir təşkilat üçün utancvericidir. Məhz bu xüsusda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını dayandırıb. Yayılan bəyanatda konkret və eləcə də ciddi arqumentləşdirilmiş yanaşma var.

Bu, Azərbaycanın milli maraqlarını göstərir. Çünki biz işğala məruz qalan, 1 milyon qaçqın və məcburi köçkün olan, əraziləri dağıdılan, barbarlıq və vandalizmə məruz qalan dövlətik. Azərbaycan tərəfi 2001-ci ildə bu təşkilata üzv olanda böyük ümidlər var idi. Düşünülürdü ki, bu təşkilat pozulmuş insan haqlarının bərpası istiqamətində praktiki addımlar atacaq, ədalət bərqərar olunacaq”.

Politoloq AŞPA-nın 19 il ərzində yalnız növbətçi bəyanatlar səsləndirdiyini diqqətə çatdırıb:

“Heç bir əməli iş görülmədi və məhz Azərbaycan dövləti hərbi, siyasi yollarla işğala, təcavüz və zorakılığa son qoydu. Azərbaycan tərəfi işğal dövründə, AŞPA-da vətəndaşlarımızın pozulmuş hüquqlarının bərpası və işğal faktının aradan qaldırılması ilə bağlı çıxış edəndə bizim deputatlara bildirirdilər ki, AŞPA münaqişələrin həlli üçün uyğun təşkilat deyil. Məsələnin maraqlı tərəfi bundan ibarətdir ki, bu gün bu təşkilat ölkəmizə qarşı çirkin kampaniyaların alətinə çevrilir. Ölkəmizə qarşı qərəzli proseslərin başında dayanır. Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyətini qeyri-müəyyən müddətə dayandırılması çox doğru bir addımdır.

Azərbaycan öz prinsipial mövqeyini yenidən nümayiş etdirdi. Heç bir dövlət, heç bir beynəlxalq institut Azərbaycanla təhdid, zorakılıq və aqressiya dilində danışa bilməz. Bu təfəkkürdən çıxış edə bilməz. Azərbaycan güclü dövlətdir və siyasi iradə nümayiş etdirir”.