Notarius xidmətlərində yenilik: Mobil tətbiqə ediləcək əlavələr AÇIQLANDI

0
358

Hazırda hər ay mobil notariat tətbiqinə yeni əlavələr edilir və yeni imkanlar yaradılır.

Bu barədə Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin məsləhətçisi Zaur Həsənov məlumat verib.

O bildirib ki, tətbiqin inkişaf etdirilməsi üzrə işlər aparılır, avqust ayının sonu, sentyabr ayının ilk günlərində bir neçə ərizə növü tətbiqə əlavə ediləcək:

“Bunlardan biri azyaşlıların pasport almasına dair valideynlərin yazılı ərizələri, digəri yaşayış sahəsi üzrə qeydiyyata alınma üçün mənzil sahibinin mənzil mülkiyyətçisinə razılıq ərizəsinin artıq mobil tətbiqdə rəsmiləşdirilməsi mümkün olacaq.

Biz təhlillər aparır və vətəndaşlar tərəfindən ən çox müraciət edilən notariat hərəkətlərinin tətbiqə əlavə edilməsinə çalışırıq”. 

Zaur Həsənov əlavə edib ki, mobil notariat tətbiqi vasitəsilə səyyar notarius sifarişinin də təşkil olunması planlaşdırılır:

“Bununla da vətəndaşlar iş vaxtından sonra və ya iş vaxtı notariat ofislərindən kənarda notarius xidmətlərindən yararlana biləcəklər”.

Qeyd edilib ki, hazırda mobil notoriat tətbiqinin istifadəçilərinin sayı 120 minə yaxındır. Gündəlik mobil qaydada rəsmiləşdirilən notariat sənədlərin sayı 400-ü keçir. Bu say hər gün artmaqdadır.