Niyə rüşvətə görə həbs edilənlərin əksəriyyəti YAP-çı çıxır?

0
3034
İNK sədri Rasim Məmmədov: “YAP-ın icra katibi Əli Əhmədovdan bu baş verənlərlə bağlı açıqlama gözləyirəm”
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən uğurlu islahatlara, dövlət proqramlarının və layihələrin icrasına kölgə sala biləcək qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir.

Ötən ilin dekabr ayında Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyevin Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən rüşvət alarkən cinayət başında yaxalanması, onun müavini, Yeni Azərbaycan Partiyasının Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarovun həbsi, Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun həbs olunmsı, dünən Prezident İlham Əliyev sərəncamı ilə İsmayıl Vəliyevin Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi, DTX əməkdaşları təfəfindən Neftçala RİH başçısı İsmayıl Vəliyevin rüşvət alarkən saxlanılması, Neftçala RİH başçısının birinci müavini Vurğun Əkbərovun, Yeni Azərbaycan Partiyasının Neftçala rayon təşkilatının sədri, İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun, Neftçala rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimovun, Neftçala Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun, eləcə də Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin Ələkbərovun və direktor müavini İlqar Dursunovun həbsi bu qəbildəndir. Təbii ki, bu əməliyyat tədbirləri ölkə vətəndaşlarının pozulmuş hüquqlarının bərpa edilməsi, baş verən qanun pozuntularının aradan qaldırılması məqsədilə həyata keçirilir.

Ancaq burada diqqət çəkən məqam odur ki, həbs olunan vəzifəli şəxslərin hamısı hakim Yeni Azərbaycan Partiyasının üzvləri, YAP-ın rayon təşkilatlarının sədrləridir.

Məsələ ilə bağlı İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədovun fikirlərini öyrəndik:

“Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə çıxışlarında korrupsiya, rüşvətxorluq və məmur özbaşınalığına qarşı qəti mövqe nümayiş etdirərək, ictimai nəzarəti gücləndirməyin vacibliyini vurğulayıb. Bizim də İctimai Nəzarət Koalisiyası olaraq məram və məqsədimiz müstəqil dövlətimizin möhkəmləndirilməsi və inkişafı naminə şəffaflığın artırılması, korrupsiya, rüşvətxorluq və məmur özbaşınalığına qarşı ölkə Prezidentinin apardığı mübarizədə vətəndaş həmrəyliyi nümayiş etdirməkdir. İctimai nəzarətin həyata keçirilməsi, ictimai nəzarət fəlsəfəsi və konsepsiyası məhz ölkədəki bugünkü özbaşınalıqların aşkarlanıb ortaya çıxarılmasına gətir.

Bir məqamı vurğulamaq istəyirəm ki, bu gün rayon icra başçılarının demək olar ki, hamısı hakim Yeni Azərbaycan Partiyasının, hətta icra başçılarının bir çoxlarının müavinləri YAP-ın rayon təşkilatlarının sədrləridir. Eyni zamanda, vətəndaşları, sahibkarları incidənlər də məmurlardır və onlar da YAP-ın üzvləridir. Halbuki Ulu öndər Heydər Əliyev demişdir ki, YAP xalqın tələbi ilə yaradılan partiyadır. Ancaq bu gün xalqın, insanların haqqını tapdayan, hüquqlarını pozanların içərisində çoxlu sayda YAP-ın üzvləri olan yüksək vəzifəli şəxslərdir. Baxın, vətəndaşları incidən kimlərdir – məmurlar, sahibkarları incidən kimlərdir – məmurlar, iş adamlarını incidən kimlərdir – məmurlar, Azərbaycan mətbuatını, mediasını pis günə qoyan kimlərdir – məmurlar. Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibi Əli Əhmədov vətənpərvələri partiyadan uzaqlaşdırmaq əvəzinə, rüşvətxor, korrupsiyaya bulaşmış, xalqı incidən YAP-çıları bu qurumdan kənarlaşdırmalıdır. Çünki bizim üçün YAP Heydər Əliyev deməkdir. Ancaq bu gün bəzi məmurlar Heydər Əliyevin ideyalarına sadiq qalmadıqları üçün, yollarını azdıqlarına görə başlarına bu cür işlər gəlir, həbs olunurlar.

Mən bu fikirlərimlə heç də YAP-a qarşı çıxmıram, çünki bizlər bu partiyaya sadiq insanlarıq. Biz korrupsiyaya bulaşmış, dövlət başçısının islahatlarına kölgə salan istər YAP-ın, istərsə də digər partiyaların içərisində olan hər bir kəsə qarşıyıq, xüsusilə də Ulu öndərin yaratdığı YAP-da olan bəzi insanlara. Hesab edirəm ki, Əli Əhmədov bu barədə özü ictimaiyyətə açıqlama verməlidir. Çünki biz belə bir açıqlamanı gözləyirik ki, niyə bu xoşagəlməz hallarla məhz YAP-çı məmurlar məşğuldurlar? Xalq bilməlidir ki, Ağstafada, Neftçalada, Bərdədə və digər rayonlarda baş verən hadisələrin günahkarları və iştirakçıları niyə məhz hakim partiyada təmsil olunan məmurlardır? Daha acınacaqlısı odur ki, həbs olunan məmurların övladları nazirliklərdə ən yüksək vəzifələrdə çalışırlar.

Ona görə də mən İctiami Nəzarət Koalisiyasının sədri olaraq YAP-ın icra katibi Əli Əhmədovdan bu baş verənlərlə bağlı açıqlama gözləyirəm. Necə ki, Azərbaycan mətbuatında Əli Həsənovun gedişindən sonra bir təmizlənmə baş verdiyi kimi, YAP-ın sıralarında da təmizlənmə aparılmalıdır”.

“ictimaixeber.az”