Gündəlik badam istehlakı qanda “pis” xolesterinin səviyyəsini, ürək-damar xəstəliklərinin inkişaf riskini azaldır.
Linus Pauling İnstitutunun və Oreqon Dövlət Universitetinin İctimai Səhiyyə Kollecinin alimləri belə nəticəyə gəliblər.
Onların apardığı tədqiqatın nəticələri “Nutrition Research” jurnalında dərc olunub.
Tədqiqatda qarında piylənmə, yüksək qan təzyiqi, yüksək qan şəkəri, “yaxşı” xolesterinin aşağı olması və yüksək trigliseridlərlə xarakterizə olunan metabolik sindrom diaqnozu qoyulmuş yetkinlər iştirak edib.
İştirakçılar iki qrupa bölünüblər: birinci qrupdakılar 12 həftə ərzində hər gün təxminən 45 ədəd (320 kaloriyə bərabərdir) badam, digər qrupdakılar isə həmin kaloriyə adekvat miqdarda kraker yeyib.
Cəmi dörd həftədən sonra birinci qrupdakı iştirakçıların vitamin E səviyyəsi artıb. Bu, hüceyrələri sərbəst radikallardan qoruyan güclü antioksidantdır. Həmçinin, badam istehlak edənlərin “pis” xolesterol səviyyəsində azalma görünüb. Onların bağırsaqlarının vəziyyətində də müsbət dəyişikliklər müşahidə edilib. Bundan əlavə badam həmin şəxslərdəki bel ətrafı piylənməni də azaldıb.
Alimlərin fikrincə, E vitamini çatışmazlığı bir çox insanda müşahidə olunur və badamın müntəzəm istehlakı pəhrizdəki bu boşluğu doldurmağa kömək edə bilər.
Tədqiqatın müəllifləri allergiyası olmayan, xüsusən də ürək-damar xəstəlikləri riski olan insanlara gündəlik qida rasionuna çərəzləri mütləq daxil etməyi məsləhət görürlər.