Vəziyyətin ciddiliyini nəzərə alaraq COVID-19 koronavirus infeksiyasının yayılmasının qarşısını almaq və əhalinin ictimai təhlükəsizliyini təmin etmək üçün respublikanın daxili işlər orqanlarının əməkdaşları bəzi iaşə müəssisələri ilə əlaqədar tədbirlərə başlayıb.
Oxu.Az-ın redaksiyasına daxil olan xəbərə görə, Sumqayıt şəhərində bu gündən etibarən çay evləri bağlanır.
Məsələ burasındadır ki, səhər saatlarında Şəhər İcra Hakimiyyəti və polis orqanlarının nümayəndələri iaşə obyektlərində olublar.
Obyekt sahiblərindən küçəyə çıxartdıqları masaları götürmək və sosial məsafəni qorumaq tələb olunub.
İnzibati cəzaya cəlb olunmaqdan narahat olan bəzi sahibkarlar çay evlərinin qapılarını ümumiyyətlə bağlayıblar.
Alınan digər məlumatlara görə, təxminən eyni vəziyyət Bakıda bəzi obyektlərdə də müşahidə olunur.
Dövlət qurumundan verilən məlumata əsasən, iaşə obyektlərinin qapadılmasından söhbət getmir, belə ki, Operativ Qərargah tərəfindən müəssisələrin bağlanması barədə heç bir göstəriş verilməyib.
“Son vaxtlar koronavirus infeksiyasına yoluxanların sayında artım müşahidə olunur və gələcəkdə xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə küçələrdən masaların yığışdırılması kimi lokal qərar qəbul edilmişdir. Bundan əlavə, ölkədə hərbi vəziyyət elan edilib və düşmən tərəfindən istənilən təxribatın olması mümkündür. Ancaq çay evlərinin qapadılması ilə bağlı məsələ nəzərdən keçirilməyib. Sahibkarlar obyektlərin daxilində müştəriləri rahat şəkildə qəbul edə bilərlər”, – deyə polis idarəsinin verdiyi açıqlamada qeyd olunur.
Məsələyə aydınlıq gətirmək üçün müraciət etdiyimiz Bakı şəhər Baş Polis İdarəsindən bildirildi ki, bununla bağlı heç bir xüsusi əmr almayıblar.
İaşə müəssisələrinin bağlanması barədə rəsmi qərar mövcud deyil.