Nitq məhdudiyyəti olan uşağın pensiyası niyə kəsilib? – YENİLƏNİB + VİDEO

0
311

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi nitq məhdudiyyəti olan uşağın pensiyasının kəsilməsi məsələsinə aydınlıq gətirib.
 
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov  bildirib ki, əlilliyin təyinatına əsas verən səhiyyə müəssisəsinin göndərişində İmişli rayon sakini Məmmədli Hüseyn Fuad oğlunun iddia olunan real vəziyyətini əks etdirən məlumatlar əks olunmayıb:

“Göndərişin nəyə görə elə yazıldığına İmişli Rayon Mərkəzi Xəstəxanası aydınlıq gətirməlidir.

Hüseynin əlillik müddəti 2020-ci ildə başa çatıb. İmişli Rayon Mərkəzi Xəstəxanası tərəfindən uşağın sağlamlıq imkanları məhdudluq müddətinin uzadılması ilə bağlı elektron sistemə göndəriş daxil edilib. Xəstəxana tərəfindən tərtib edilən göndərişdə qeyd edilən görmə itiliyi isə əlillik təyininə əsas vermir. Bununla yanaşı, göndərişdə İmişli Rayon Mərkəzi Xəstəxanası tərəfindən uşağın nitq qüsuru və əqli geriliyi olması barədə ümumiyyətlə heç bir məlumat, diaqnoz və həmin diaqnozu təsdiq edən müayinələr qeyd edilməyib. Buna görə də, səbəblər göstərilməklə imtina qərarı verilib. Xəstəxananın təkrar göndərişi isə qeydə alınmayıb”.

“Bir daha bildiririk ki, əlilliyin qiymətləndirilməsi vətəndaş-ekspert təması olmadan, səhiyyə müəssisəsinin həkimlərinin “Forma 88”də qeyd etdikləri məlumatlara əsasən həyata keçirilir. 

Buna baxmayaraq, azyaşlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yerli Tibbi Sosial Ekspert Komissiyasının eksperti tərəfindən ətraflı əyani müayinə olunacaq, əyani müayinənin nəticəsinə uyğun olaraq uşağın sağlamlıq imkanları məhdudluq təyinatı ilə bağlı müvafiq qərar veriləcək”, – deyə o qeyd edib.

İlhamə Əbülfət

14:12

Vətəndaş 9 yaşlı uşağı üçün verilən pensiyanın kəsilməsindən şikayətçidir.

İmişlinin Qaralar kənd sakini Zülfiyyə Ağayeva ona təyin olunan sosial müavinətin və mikrosefaliya və əqli gerilik diaqnozu qoyularaq əlillik pensiyası alan oğlu Hüseyn Məmmədliyə verilən pensiyasının kəsilməsindən şikayətçidir.

Hazırda üç azyaşlı övladı ilə uçuq-sökük evdə yaşayan Zülfiyyə Ağayeva qeyd edir ki, himayəsində birinci evliliyindən olan iki övladı – 9 yaşlı Hüseyn Məmmədli və onun bacısı 7 yaşlı Fatimə Məmmədli, ikinci evliliyindən isə 3 yaşlı oğlu Ümid Ağayev var. 

Hər iki evlilikdən rəsmi formada boşanan Zülfiyyə Ağayeva heç bir aliment almadığını və övladlarını özü böyütmək məcburiyyətində olduğunu bildirir. 

9 yaşlı Hüseyn Məmmədli görmə və nitq məhdudiyyəti olduğundan ona təyin edilmiş əlillik dərəcəsinə uyğun olaraq 2016-cı ildən pensiya almağa başlayıb.

Daha sonra isə Zülfiyyə Ağayeva ƏƏSMN-ə müraciət edərək sosial müavinət almağa başlayıb. Lakin onun aldığı müavinət 2020-ci ilin iyulunda sənədlərdə saxtalıq olduğu və vətəndaşın adına pay torpağın olması səbəbi ilə dayandırılıb. 

Bundan əlavə, oğluna təyin olunan pensiya da dayandırılıb. Artıq bir ildən çoxdur ki, onlara təyin olunan müavinətlərin bərpası üçün Zülfiyyə Ağayevanın müraciət etmədiyi ünvan qalmayıb.

O qeyd edib ki, artıq övladlarının tələbatlarını ödəməkdə çətinlik çəkir. Bundan əlavə, danışma və görmə əngəlli olan Hüseynin də müalicələri yarımçıq qalıb.

Ətraflı süjetdə: