Nikahdankənar doğuşlar artdı, boşanma 30%-ə qalxdı…

0
358

Son zamanlar ailə institutuna lazım olan diqqət ayrılmır, ötən illərlə müqayisədə ailə dəyərləri xeyli dəyişib.

Bu sözləri  açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu Azərbaycanda nikahdan kənar doğulan körpələrin günü-gündən artmaqda olan statistikasını şərh edərkən deyib.

Onun sözlərinə görə, ailə institutu aşınmaqdadır:

“Cəmiyyətdə böyük proseslər baş verir, ailə institutu çox ciddi bir sarsıntı içərisindədir. Əvvəllər insanların ailə təsəvvürləri başqa idi. Son onillikdə baş verən proseslər Azərbaycan insanında ailəyə münasibəti tamamilə dəyişib. Biz bu dəyişən proseslərə adekvat tədbirlər haqda düşünmürük. Ailə institutu ilə bağlı vacib işlər görülməlidir. Min illərdir ki, mədəniyyətimiz onun üzərində formalaşıb. Azərbaycan mənəviyyatı həmçinin bu institutla çox bağlıdır”.

Ə.Qəşəmoğlunun sözlərinə görə, hazırda qurulan 100 ailənin 30-ə qədəri dağılır:

“Digər ailələrdə çox ciddi gərginliklər yaşanır. Mən dəfələrlə SOS təbilini çalmışam ki, ailə institutundakı ahəngdar münasibətlərin qurulması ilə bağlı təcili işlər görülməlidir. Günümüzdə ən çox rastladığımız mövzulardan biri də qadına qarşı zorakılıqdır. Bu gün biz təkcə qadını deyil, dağılmaqda olan Azərbaycan ailəsini necə xilas edəcəyimiz barədə düşünməliyik”.

Qeyd edək ki, 2020-ci ilin statistik göstəricilərinə görə, Azərbaycanda uşaqların 15 faizi nikahdan kənar doğulub.