Nikah yaşı ilə bağlı yeni qərar

0
142

Azərbaycanda nikah yaşının 1 il azaldılmasına yol verilən hal aradan qaldırılır.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Ailə Məcəlləsinə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Bununla belə, hazırda üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

Layihəyə əsasən, bu hal ləğv edilir və nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilməyəcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.