Niderlanddakı soydaşlarımız 20 Yanvarla bağlı beynəlxalq ictimaiyyətə çağırış edib

0
317

Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresi (BAK) 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar bəyanatla çıxış edib.

Diaspora Komitəsindən verilən məlumata görə, BAK prezidenti Elsevər Məmmədovun imzası ilə Avropa Şurasının Parlament Assambleyasına, Niderland Parlamentinə, yerli siyasi partiya və ictimai qurumlara 3 dildə ünvanlanan bəyanatda bildirilib ki, 32 il əvvəl SSRİ rəhbərliyinin əmri ilə xalqımıza qarşı Qara Yanvar adı ilə tarixə düşən hərbi təcavüz və qanlı qırğın törədilib:

“Bu, həm də öz azadlığı, müstəqilliyi uğrunda mübarizə aparan xalqımızın mətanətini, qürurunu nümayiş etdirən bir tarixdir. Həmin dövrdə xalq SSRİ rəhbərliyinin qərəzli siyasətinə etiraz edir, Ermənistanda, eləcə də Dağlıq Qarabağda separatçıların azərbaycanlılara qarşı törətdikləri cinayətlərin araşdırılmasını, cinayətkarların cəzalandırılmasını tələb edirdi. Məhz xalqımızın etirazını boğmaq, Azərbaycanın müstəqillik yolunda əngəl yaratmaq üçün SSRİ rəhbərliyi tərəfindən 20 Yanvar qırğını həyata keçirilib”.

Konqres üzvləri beynəlxalq təşkilatları və dünya ictimaiyyətini insan hüquqlarının və beynəlxalq hüququn kobudcasına pozulması ilə müşayiət olunan 20 Yanvar faciəsinə hüquqi qiymət verməyə çağırıblar.