“Neftçi”də kütləvi yoluxma: 11 nəfərdə pozitiv, baş məşqçidə şübhəli test nəticəsi

0
358

Azərbaycanın ən köklü klubu olan “Neftçi”də kütləvi koronavirusa yoluxma halı baş verib. Belə ki, komandanın 11 üzvünün koronavirus testi pozitiv çıxıb.

Klubun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevin açıqlamasına görə, baş məşqçi Samir Abbasov haqqında hələ qəti qərar bildirmək mümkün deyil:

“Ötən cümə verdiyimiz testdən sonra klubun inzibatçısı, baş meneceri, köməkçi məşqçi Vəfadar Quliyev, qapıçılar üzrə məşqçi Etibar Tarıverdiyev və futbolçu Anton Krivotsyukda pozitiv nəticə çıxmışdı. Dünən yenidən test verdik. Samir müəllimdə şübhəli qalmışıq. Nəticəsi açıqlanmayıb, deyiblər ki, yenidən test verməlidir. Sabah yenidən komanda ilə birgə test verəcək. Buna baxmayaraq, komandadan ayrıdır, izolyasiya olunub.

Dünənki testdən sonra isə tərcüməçimizdə, futbolçulardan Mərt Çəlik, Mamadu Mboc, Voyislav Stankoviç, Fəhmin Muradbəyli və Kamran İbrahimovda pozitiv nəticə çıxdı”.

R.Allahverdiyev komandanın kapitanı Emin Mahmudovun isə artıq sağaldığını bildirib: 

“Futbolçulardan Emin Mahmudov, Mirabdulla Abbasov və Cabir Əmirli artıq sağalıb. Onların son verdikləri testin cavabı neqativ çıxıb və artıq məşqlərə başlayıblar. Həmçinin Sabir Buqrində də neqativ nəticə çıxıb. Ancaq qrip olduğu üçün bugünkü məşqdə iştirak etməyib”.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında hazırda üçüncü yerdə qərarlaşmış “Neftçi” dekabrın 5-də “Sabah” klubunun qonağı olacaq. Saat 16:00-da başlayacaq görüş Masazır qəsəbəsindəki “Bank Respublika Arena”da keçiriləcək.