Neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 19 faiz artıb

0
431

2020-ci ilin yanvar-avqust aylarında əsas kapitala 8 milyard 682,4 milyon manat məbləğində vəsait yönəlib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala 0,7 faiz çox vəsait yönəlib.

Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 19 faiz artıb.

Qeyri-neft sektoruna yönəldilən vəsaitin həcmi isə 10,5 faiz azalıb.

İstifadə olunmuş vəsaitin 5 milyard 829,5 milyon manatı və ya 67,1 faizi məhsul istehsalı sahələrinə, 2 milyard 30,6 milyon manatı (23,4 faizi) xidmət sahələrinə, 822,3 milyon manatı (9,5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 59,4 faiz, büdcə vəsaitləri 22,7 faiz, bank kreditləri 6,1 faiz, əhalinin şəxsi vəsaitləri 5,8 faiz, sair vəsaitlər 4 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 2 faiz təşkil edib.